Bu il Azərbaycanda quraqlığın uzun müddət davam etməsi, kritik dövrlərdə yağıntının olmaması nar məhsulunun bir qədər gec yetişməsinə səbəb olub.
Azərbaycan narı xaricə neçəyə ixrac olunur ? - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunu "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
Onun sözlərinə görə, bu il Azərbaycanda bağlarda birinci çiçəkləmə erkən gəldiyi üçün hava şəraitindən asılı olaraq narlar kifayət qədər keyfiyyətli və iri ölçülü olub: "Lakin quraqlığın uzun müddət davam etməsi, kritik dövrlərdə yağıntının olmaması məhsulun bir qədər gec yetişməsinə gətirib çıxarıb. Keyfiyyət göstəricilərinə gəlincə, ümumilikdə Azərbaycan narı yüksək keyfiyyətli sayılır və xüsusilə narçılığın inkişaf etdiyi regionlarda məhsullar bazarda rəqabətə davamlıdır. Lakin bu ilin iqlim amilləri bir qədər gec çiçəklənmə yaratsa da, məhsulun rəng, dad və saxlanma baxımından ciddi problemlər yaratmayıb. Ənənəvi olaraq narçılıq üzrə ən çox məhsul verən regionlar Mil-Muğan, Yuxarı Şirvanın aşağı yanları, Aran və Qarabağın bəzi dağlıq və aran hissələridir. Xüsusilə Göyçay, Kürdəmir, Ucar, Hacıqabul kimi rayonlarda narçılığın daha çox intensiv hal aldığını qeyd edə bilərik".
F.Qaraşov vurğulayıb ki, 2025-ci ilin 11 ayında 32 min 107,11 ton məhsul ixrac olunub: "Malın ümumi satış qiymətinə ekvivalent olaraq statistik dəyəri 31,365 ABŞ dolları olaraq qeydə alınıb. Sevindirici haldır ki, 2024-cü ilin ilk 11 ayı ilə müqayisədə dəyər olaraq 5 milyon 597 min ABŞ dolları, həcm olaraq isə 2 747 ton artım müşahidə olunub. Cari il nar məhsulu ümumilikdə rəng, dad və tərkib baxımından rəqabət qabiliyyətli hesab olunur və xarici bazarlarda artan tələbatla müşahidə edilir. Tələb olunan nar sortları kimi Qırmızı gülöyşə, Bala Mürsəl, Vələs bazarda yerli və xarici alıcılar tərəfindən yüksək qiymətləndirilir". (Report)










