BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) 2018-ci il noyabrın sonunadək Azərbaycanda üç layihə reallaşdırmağı planlaşdırır.
FED.az xəbər verir ki, bunu Trend-ə FAO-nun tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Melek Çakmak deyib.
Onun sözlərinə görə, layihələr FAO ilə Azərbaycan arasında 2016-cı ildə imzalanmış və 2020-ci ilin sonunadək nəzərdə tutulan əməkdaşlıq proqramı çərçivəsində reallaşdırılacaq:
“Oktyabrda biz qoyunçuluğun inkişafı proqramının reallaşdırılmasına və bu sahədə dəyər zəncirinin yaradılmasına başlamağı planlaşdırırıq. Bundan başqa, həmin ayda süni mayalanma və qida bazasının təkmilləşdirilməsi sahəsində biliklərin artırılması yolu ilə heyvandarlıq sahəsinin inkişafı proqramının reallaşdırılması planlaşdırılır. Biz Azərbaycana kartof toxumçuluğunun inkişafı sahəsində layihə təqdim etmişik. Bu layihə müsbət qarşılanıb və ən geci noyabrın sonunadək reallaşdırılacaq”.
Ofis rəhbəri bildirib ki, FAO həmçinin Azərbaycanda kənd təsərrüfatı sahəsinin möhkəmlənməsinə yönəlmiş daha bir neçə layihənin hazırlanması ilə məşğuldur:
“Bu layihələrdən biri fındıqçılıq sahəsinin inkişafına yönəlib. Fındıq Azərbaycanın əsas qeyri-neft ixrac mallarından biridir və biz bu sahənin inkişafına yarıdm etmək istəyirik. Bundan başqa, qadınların və gənclərin özünüməşğulluğunun inkişafına yönəlmiş iki layihə planlaşdırılır. Layihə kənd təsərrüfatı ilə məşğul olan və aqrar təhsil almış əhalini əhatə edəcək və onların gəlirlərinin artmasına imkan verəcək”.
FAO Azərbaycanda aqrar sahələrlə bağlı planlarını - AÇIQLADI
21:12
28 Sen 2018