Azərbaycan məhsulun sığortalanması sahəsində vacib addımlar atır və bu, aqrosektora daha çox investisiyaların cəlb olunmasına kömək edəcək.
FED.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhəmməd Nassar 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində Bakıda keçirilən “Aqrar sığorta sisteminin inkişaf perspektivləri: Azərbaycan təcrübəsi, çağırışlar və beynəlxalq praktika” mövzusunda panel müzakirələri zamanı bildirib.
M.Nassar vurğulayıb ki, iqlim dəyişikliklərinin fermerlər üçün yaratdığı fəsadların yumşaldılması baxımından ən səmərəli həll yollarından biri məhsulun sığortalanmasıdır. Bu, kənd təsərrüfatı ilə məşğul olanları gözlənilməz hava şəraiti ilə bağlı risklərdən qoruyur.
FAO nümayəndəsinin sözlərinə görə, məhsul sığortası sadəcə maliyyə aləti deyil. Bu, həm də ərzaq təhlükəsizliyi, zərər və hətta müflislik risklərindən qorunma mexanizmidir.
“Azərbaycan bu istiqamətdə mühüm addımlar atır. Bu, yalnız dövlət tərəfindən deyil, eyni zamanda, özəl sektordan da aqrar sahəyə daha çox investisiyanın cəlb olunmasına kömək edəcək”, - deyə o bildirib.
O əlavə edib ki, sığorta riskləri azaldır və kənd təsərrüfatının müasirləşdirilməsinə vəsilə olur.
“Dünya təcrübəsi göstərir ki, aqrar sığorta tətbiq edildikdə fermerlər texnologiyalara, suya qənaət edən sistemlərə, müasir gübrələrə və təsərrüfatın səmərəli aparılması üçün lazım olan digər vasitələrə daha fəal şəkildə investisiya yatırırlar”, – deyə o vurğulayıb. (Trend)