Rusiyanın Dağıstan regionunda rekord səviyyədə xurma məhsulu yığılıb.
“Azərbaycan xurma ixracı üçün əsas bazarlardan birini itirib”
FED.az xəbər verir ki, Dağıstanın kənd təsərrüfatı naziri Muxtarbiy Acekov bildirib ki, bu il 5,3 min tondan artıq xurma yığılıb. Bu ötən ildən 300 ton artıqdır.
«Bu il əlverişli hava şəraiti rekord həcmdə xurma məhsulu yığmağa imkan verdi və 5,3 min tondan artıq xurma yığıldı» -deyən nazirin sözlərinə görə, hər il regionda, xüsusilə də Dağıstanda xurma sahələri sürətlə artmaqdadır. Bu il Dağıstan xurması Rusiyanın Nijni Novqorod, Moskva, Penza, Sankt-Peterburq, Surqut və başqa şəhərlərində satılır.
Əvvəllər xurmanı bizə Azərbaycandan gətirirdilər, amma son illər biz artıq öz məhsulumuzu satırıq»-deyə Muxtarbiy Acekov bildirib.
Xatırladaq ki, xurma Azərbaycanın ən çox ixrac etdiyi məhsullardan biridir. 2020-ci ildə ölkədən ümumi dəyəri 91,6 milyon dollar olan 126 min ton, 2021-ci ildə isə ümumi dəyəri 126 milyon dollar olan 174 min ton xurma ixrac edilib.
2022-ci ilin ilk 10 ayında isə Azərbaycandan xaricə ümumi dəyəri 44 milyon dollar olan 59 min ton xurma ixrac edilib. İxrac edilən xurma əsasən Rusiyaya satılır.