Qərb bölgəsində yazlıq meyvə yığımı başlayıb. Son illər ərik bağlarından yaxşı məhsul götürə bilməyən fermerlərin bu il üzləri gülür. Belə ki, bol məhsul əldə edən təsərrüfatçılar ərik yetişdirməyin getdikcə gəlirli sahəyə çevrildiyini deyirlər.
Eləcə də bax: "Krım”, “Öküz ürəyi”, “Zəngilan” - QİYMƏTİ 0,8-1,2 MANAT
FED.az xəbər verir ki, Ağstafa rayonunda ərik bağlarında mənzərə ürəkaçandır. Fermerlər həm ərik bağlarının məhsuldarlığından, həm də ki, qiymətindən razıdırlar.
Hazırda ərik bağlarında yığıma başlanıb. Bağ sahiblərinin sözlərinə görə, suvarılma mütəmadi həyata keçirilərsə, bundan da çox məhsul əldə etmək olar. Hazırda bir ağacdan təxminən 60-70 kiloqram məhsul yığılır. Hətta bir ağacdan 100 kiloqram məhsul toplayanlar da var.
Ağstafanın Kolxəlfəli kəndində ərik bağlarında yığım aparan fermer Rayət Şabanov deyir ki, məhsulu satmaq üçün uzağa getmir. Əriyin satışını elə bağda həyata keçirir. Bu isə onun işini xeyli asanlaşdırır. “Bu bağımızı yeni salmışıq. Cavan ağaclardır. Becərdiyimiz əriklər “Ağ ərik” dediyimiz yerli sortlardır. Şükür Allaha, həm məhsuldarlıqdan, həm də ki, qiymətlərdən narazılığımız yoxdur, - deyə o bildirib.
Ötən il əriyi kiloqramı 2 manata satdıqlarını deyən fermerlər bu il qiymətin nisbətən aşağı, 1 manat - 1 manat 50 qəpik olmasına baxmayaraq, onlara sərf etdiklərini bildiriblər.
Azərtac