Azərbaycanda taxıl səpininin optimal müddətdə yekunlaşacağı proqnozlaşdırılır.
FED.az xəbər verir ki, səpin prosesini başa çatdıran fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz əkinlərini bəyan edərək subsidiya almaq proseduruna start vermiş olurlar.
Reqlamentə əsasən, fermerlərin öz əkinlərini bəyan etməsi üçün müddət dekabrın sonlarında başa çatır. Əkinlərini son müddət başa çatmadan bəyan edən fermerlər artıq ilin ilk aylarında əkin subsidiyası almaq imkanı qazanırlar. Fermerlər fevral-mart aylarında kartlarına köçürülən subsidiya məbləğindən aqrotexniki təqvimə uyğun olaraq kənd təsərrüfatı istehsal alətləri - gübrə, pestisid və s. almaq üçün istifadə edə biləcəklər.
Bu fikirlər Kənd Təsərrüfatı Nazirliyinin payızlıq əkinlərin bəyan prosesinin sürətləndirilməsi ilə əlaqədar bölgələrdə keçirdiyi məlumatlandırma sessiyalarında səsləndirilib. Nazirliyin Aparat rəhbəri Rəfail Quliyev Masallı, Cəlilabad və Biləsuvar rayonlarında keçirilən görüşlərdə bildirib ki, fermerlərin öz əkin məlumatlarını EKTİS-də vaxtında bəyan etməsi sənədlərin təsdiqlənməsi, sahələrdə monitorinqlərin aparılması və əkin subsidiyalarının ödənilməsi prosesini sürətləndirmiş olur. Əkin bəyanı üçün müəyyən olunmuş müddət dekabrın 30-da başa çatır və bu səbəbdən səpini başa çatıdrmış fermerlərin ən qısa müddətdə öz əkinlərini EKTİS-də bəyan etməsi zəruridir.
Bildirilib ki, 2020-2021-ci il payızlıq əkin dövründə Masallı, Cəlilabad və Biləsuvar rayonlarında ümumilikdə 36 mindən çox fermer əkin subsidiyası alıb. Bu rayonların respublikanın payızlıq əkin dövriyyəsində ümumi payı 10 faizə yaxındır. Payızlıq əkinlər bu rayonların kənd təsərrüfatında önəmli paya sahibdir və əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Kənd təsərrüfatına dövlət dəstəyi mexanizminin elektronlaşdırılması bu sahədə şəffaflığın artırılmasını, aqrar fəaliyyətə dair məlumatlar bazasının formalaşdırılmasını, fermerlərin bu dəstəkdən daha səmərəli istifadəsini təmin edir.
Görüşlərdə 5 hektardan çox sahəsi olan fermerlərin əkin subsidiyası almaq üçün öz torpaqlarından aqrokimyəvi analiz verməsinin zəruriliyi, taxılçılıqda aqrar sığortanın tətbiqinin məhsul istehsalçıları üçün üstünlükləri, EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirmək qaydaları, ucqar ərazilərdə yerləşən kəndlərdə bəyan prosesinə köməklik göstərmək məqsədilə səyyar xidmətlərin təşkili və digər mövzularda müzakirələr aparılıb, fermerlərin təklifləri qeydə alınıb.
Payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı məlumatlandırma sessiyaları davam edir. İndiyədək nazirlik tərəfindən 20-dək rayonda müvafiq görüşlər keçirilib.