Kənd təsərrüfatı təyinatlı texnikalar, maşınlar, avadanlıqlar, suvarma və digər qurğular əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Gömrük orqanları idxala görə ƏDV-ni 1 günə büdcəyə - ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nda əksini tapıb.
İndiyə qədər “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”na əsasən, yalnız kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri ƏDV-dən azad idi. Nazirlər Kabinetinin yeni qərarına əsasən, artıq həm yeni, həm də istismar olunmuş daxiliyanma və elektrik mühərrikli təkoxlu traktorlar, tırtıllı traktorlar, həm yeni, həm də istismar olunmuş təkoxlu olmayan kənd təsərrüfatı işləri üçün traktorlar və meşə təsərrüfatı üçün təkərli traktorlar ƏDV-dən azad olunub. ƏDV-dən azad edilənlər sırasında kotanlar, diskli dırmıqlar, kətmənlər və kultivatorlar, dırmıqlar, torpaq frezləri, sağıcı qurğular və aparatlar, kənd təsərrüfatı üçün özüyüklənən və ya özüboşaldan qoşqular və yarımqoşqular, gübrə nasosları, istilik nasosları, meyvə qurutma avadanlıqları istisna olmaqla, kənd təsərrüfatı məhsulları üçün quruducular, maksimum çəkmə qabiliyyəti 30 kq-dan çox, lakin 5000 min kq-dan çox olmayan çəri ölçmək üçün avadanlıqlar, buxarşırnaqlı və qumatıcı maşınlar, suvarma ilə bağlı kənd təsərrüfatı və bağçılıq üçün püskürdücülər, tozpaylayıcı qurğular, qaldırma, yerdəyişmə, yüklənmə və ya boşaldılma üçün maşınlar və qurğular, meteoroloji, hidroloji və geofiziki cihazlar və alətlər, qeydedici qurğulu və ya qeydedici qurğusuz aerometrlər və mayeyə batırıldıqda işləyən anoloji cihazlar, termometrlər, pirometrlər, barometrlər, hiqrometrlər və psixometrlər, həndəsi kəmiyyətin ölçülməsi və ya nəzarət üçün optik cihazlar və qurğular, avtomatik tənzimləmə və ya idarəetmə üçün cihazlar və qurğular da yer alıb.
Daxiliyanma və elektrik mühərrikləri də daxil olmaqla, kənd təsərrüfatı təyinatlı texnikalar, maşınlar, avadanlıqlar, suvarma və digər qurğuların ehtiyat hissələri də ƏDV-dən azaddır.
Yeni siyahının təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin qərar ilə “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı” ilə ləğv olunub. Qeyd edək ki, bu siyahıda kənd təsərrüfatında istifadə olunan suvarma qurğularının, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayanların və ya digər tozpaylayanların, maye və toz halında zəhərli kimyəvi maddələr üçün daşınan çiləyici və səpələyənlərin, traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş çiləyici və səpələyənlərin və ya digər çiləyici və səpələyənlərin hissələri, daxiliyanma mühərrikləri, özüyüklənən və ya özüboşalan qoşquların və yarımqoşquların kuzovları, oxları, toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların ehtiyat hissələri, sağıcı qurğuların və aparatların hissələri, torpağın hazırlanması və işlənməsi üçün kənd təsərrüfatı, bağçılıq və ya meşə təsərrüfatı maşınlarının hissələri yer almışdı. Həmin ehtiyat hissələri də yeni siyahıda əksini tapıb.
Nazirlər Kabinetindən FED.az-a verilən məlumata görə, dövlət tərəfindən aqrar sahədə kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək tədbirləri çərçivəsində kənd təsərrüfatı texnikalarının əldə edilməsi zamanı vergi güzəştləri tətbiq edilir. Belə dəstək tədbirlərindən biri kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinin 2021-ci il 3 dekabr tarixinədək mövcud olan redaksiyasına əsasən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Sözügedən ehtiyat hissələrinin dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı” ilə müəyyən edilib.
ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların dəqiq siyahısının olmaması və onların bilavasitə kənd təsərrüfatı texnikası olmasının müəyyən edilməsi ilə bağlı yaranan problemlərin həlli məqsədilə Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində dəyişiklik edilmiş və istehsalı, idxalı və satışı ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin siyahısının Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulub.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 yanvar tarixli 47s nömrəli Sərəncamının 4.1-ci bəndi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların siyahısı ilə bağlı təkliflərin iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb.
Tapşırığın icrası məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Əlavə dəyər vergisindən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə onların ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi və “Əlavə dəyər vergisindən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı” layihəsi hazırlanmışdır. Hazırlanmış layihə ƏDV-dən azad edilən texnikaların ehtiyat hissələrinin də ƏDV-dən azad olunmasını nəzərdə tutduğundan həmin Qərarın ləğv edilməsi də layihədə nəzərə alınıb.
Nəticədə, bu Qərarla istehsalı, idxalı və satışı ƏDV-dən azad olunan bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin konkret siyahısı müəyyən edilərək, həmin texnikaların istehsalı, satışı və idxalı prosesində onların təyinatı ilə bağlı yaranan qeyri-müəyyənliklərin, bununla bağlı vətəndaşların, gömrük, vergi və digər sahələrdə fəaliyyət göstərən dövlət orqanlarının qeyd olunan səbəblərdən yaranan əlavə iş yükünün aradan qaldırılmasına nail olunacaq.