FAO: Taxıl, ətin, şəkərin və südün qlobal qiymətləri aşağı düşüb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dünya bazarında ərzaq qiymətlərinin azaldığını açıqlayıb.
FED.az xəbər verir ki, FAO-nun saytında verilən məlumata görə, 2025-ci ilin oktyabr ayı üçün orta Ərzaq Qiymətləri İndeksi sentyabr ayına nisbətən 1,6% azalaraq 126,4 bənd təşkil edib.
Hesablamaya görə, taxılın orta qiyməti sentyabr ayı ilə müqayisədə 1,3%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 9,5% aşağı düşüb. Qiymətin azalması özünü bütün əsas taxıl bitkilərinin qlobal qiymətlərində göstərib.
Ətin qiyməti isə bu ilin sentyabr ayı ilə müqayisədə 2% azalıb. Buna quş əti və donuz ətinin qiymətinin kəskin düşməsi səbəb olub. Əvəzində mal ətinin qiymətləri artmaqda davam edib.
Süd məhsullarının orta qiymət indeksi oktyabr ayında sentyabrla müqayisədə 3,4% azalaraq 142,2 bənd təşkil edib. Kərə yağının qiyməti 6,5%, qurudulmuş südün qiyməti 4%, quru südün qiyməti 6%, pendirin qiyməti 1,5% ucuzlaşıb.
Şəkərin qiymət indeksi isə payızın ilk ayı ilə müqayisədə 5,3% azalaraq 94,1 bənd təşkil edib.
Əvəzində Bitki Yağı Qiymətləri İndeksi də artaraq 2022-ci ilin iyul ayından indiyəədk ən yüksək dəyərə çatıb. Göstərici aylıq müqayisədə 1,5% artıb. FAO təşkilatı bitki yağlarındakı qiymət artımını günəbaxan, kolza, palma və soya yağlarının bahalaşması ilə izah edib.












