Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti Qusar rayon sakini, fermer Vüqar Hüseynovdan 20 ton kartof məhsulu tədarük edib.
Ödənişi “Fermer kartı” vasitəsi ilə alan təsərrüfat sahibi “Aqrar Tədarük və Təchizat” ASC ilə əməkdaşlığını belə şərh edib: “Məhsulun satışı üçün “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinə müraciət etdim. Sağ olsunlar ki, müraciətimə diqqət etdilər. Artıq bir maşın kartof tədarük ediblər, bu isə ikinci maşındır”.
Təsərrüfatı haqqında danışan fermer 2016-cı ildən kartofçuluqla məşğul olduğunu bildirib. 2016-cı ildə Almaniyadan yeni kartof sortu gətirərək əkib. Artıq 3 ildir ki, Quba və Qusar regionlarında kartof əkini ilə məşğuldur. Bu il təsərrüfatında məhsuldarlıq da yaxşı olub.
Fermer bu əməkdaşlığın biznesinin inkişafına böyük dəstək olduğunu və onu gələcəkdə daha da böyük işlər görməyə təşviq etdiyini deyib: “Gələcəkdə əkin sahəsini artırmaq fikrindəyəm. Hazırda 70 hektar sahədə kartof əkirəm. Onu 100-150 hektara çatdırmaq istəyirəm”.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC mütəmadi olaraq yerli kənd təsərrüfatı istehsalçılarından müxtəlif məhsulların tədarükünü həyata keçirir. Məhz yerli qida və kənd təsərrüfatı istehsalçılarından tədarük olunan məhsullar hesabına ATT satınalan dövlət qurumlarının və özəl təşkilatların ərzaq təchizatını təşkil edir.