Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlərin araşdırılması zamanı idxal-ixrac əməliyyatları və qida təhlükəsizliyi qeydiyyatı prosesində sahibkarlıq subyektlərindən müxtəlif vasitəçilər, “işbazlar” tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan əlavə xərclərin tələb olunması faktları aşkar olunub.
AQTA-dan FED.az-a verilən məlumata görə, bu kimi hallar sahibkarlar üçün yaradılmış şəffaf və sadələşdirilmiş prosedurların həyata keçirilməsinə süni maneələr yaratmaqla yanaşı, müəyyən neqativ halların meydana çıxmasına şərait yaradır.
Qeyd edək ki, AQTA tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə idxal-ixrac əməliyyatları, qida təhlükəsizliyi qeydiyyatı və sertifikatı, bitki mənşəli məhsullar üçün fitosanitar, heyvan mənşəli məhsullar üçün baytarlıq sertifikatları verilir. Bununla bağlı olaraq, “Dövlət rüsumu haqqında” qanununda sahibkarlıq subyektləri tərəfindən müvafiq olaraq aşağıdakı rüsumların ödənilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən icazə sənədləri üçün tarif cədvəli
RÜSUMUN TƏYİNATI |
RÜSUMUN MƏBLƏĞİ |
18.66.1. Baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) - |
5 manat |
18.66.2. Baytarlıq sertifikatının verilməsi (bir sənəd) - |
20 manat |
18.66.3. Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) - |
100 manat |
18.66-1. Qida təhlükəsizliyi sertifikatının verilməsi - |
20 manat |
18.67.1. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi (bir sənəd) - |
100 manat |
18.67.2. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə idxal karantin icazəsinin verilməsi (bir icazə) - |
10 manat |
18.67.3. Fitosanitar sertifikatlarının verilməsi üçün: 18.67.3.1. Bir poçt göndərişinə (dəst) -18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) - |
2 manat10 manat |
18.67-1.2.Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı reyestrindən çıxarışın verilməsi - 18.67-1.3. Reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 18.67-1.4. Rreyestrdən çıxarışın dublikatının verilməsi - |
150 manat50 manat10 manat |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bir daha qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməklə, sadələşdirilmiş idxal-ixrac əməliyyatları və qida təhlükəsizliyi qeydiyyatı prosedurlarında heç bir vasitəçi olmadan iştirak etsinlər. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan dövlət rüsumlarından əlavə hər hansı bir qanunsuz tələblərlə qarşılaşdıqda bununla bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və Agentliyin 1003 “Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.