Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə heyvandarlıq müəssisələrində baytarlıq sanitariyası üzrə audit və konsultasiya xidmətləri təklif edir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən FED.az-a verilən məlumata görə, xidmət çərçivəsində peşəkar mütəxəssislər tərəfindən heyvandarlıq müəssisələrinin baytarlıq qanunvericiliyinə, sanitar-gigiyenik qaydalara uyğunluğunun yoxlanılması və audit nəticəsində aşkar edilən çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılması üzrə konsultasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Xidmət özündə heyvandarlıq müəssisələrinin quruluşu, heyvanların saxlanılması, müəssisəyə yeni gətirilən heyvanların yerləşdirildiyi karantin bölməsi, müəssisədə həyata keçirilən baytarlıq-sanitariya tədbirlərinin qiymətləndirilməsi, eyni zamanda, kəsim bölməsinin sanitar-gigiyenik və risk əsaslı qiymətləndirilməsi mərhələlərini əhatə edir.
Heyvandarlıq müəssisələrində sağlam heyvan yetişdirilməsinə dair bütün proseslərdə risklərin qarşısını almaq və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalına nail olmaq istəyən sahibkarlıq subyektləri xidmətdən istifadə etmək üçün İnstitutun (012) 377-00-20 (daxili 553) nömrəli əlaqə vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutu qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qida təhlükəsizliyinə dair elmi, texniki və praktiki konsultasiya, həmçinin qida təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərir.