Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2026-cı ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.
Toxum əməliyyatçıları qeydiyyatsız fəaliyyətə görə cərimə olunacaqlar - MƏBLƏĞ
FED.az agentliyə istinadən xəbər verir ki, tədarük ediləcək ərzaqlıq buğda AZS 888:2025 "Buğda. Texniki şərtlər" standartında qeyd edilən 1-ci, 2-ci və 3-cü sinif buğdaya aid bütün keyfiyyət göstəricilərinə, habelə "Qida təhlükəsizliyi haqqında" qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir.
Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməlidir. Təqdim olunan ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri tədarük zamanı əlavə olaraq yoxlanılacaq, keyfiyyət tələblərinə cavab verməyən məhsul qəbul edilməyəcək.
Ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir.
Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 19 iyul 2022-ci il tarixli fərmanına uyğun olaraq pilot layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin təhvil verdiyi ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq edilir. Belə ki, təhvilverilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Nazirlər Kabinetinin 25 iyun 2026-cı il tarixli sərəncamı ilə müəyyən edilmiş 400 manat dövlət tədarük qiymətindən az olduğu halda aradakı fərqin kompensasiya edilməsi məqsədilə sözügedən proqrama qoşulan istehsalçılara tətbiq edilən məhsul subsidiyası əmsalını Aqrar Subsidiya Şurasının yeniləməsi nəzərdə tutulub.
Qeyd olunan tələblərə cavab verən ərzaqlıq buğda üzrə satış təkliflərini akkreditasiya olunmuş laboratoriyanın təsdiq etdiyi keyfiyyət göstəriciləri də əlavə edilməklə istehsalçıların [email protected] elektron poçt ünvanına göndərməsi xahiş olunur.














