Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksində ekosistemin yaradılması üçün ümumilikdə $100 milyon dəyərində sərmayə qoyulacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən yaradılıb.
FED.az bildirir ki, layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. İstehsal olunan məhsullar “Made in Qarabağ” brendi ilə satışa çıxarılır.
“Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər də sürətlə davam etdiriləcək. Layihənin bütün mərhələlərinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Qarabağda istehsal olunan məhsulların “Made in Qarabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq.
Ağıllı kənd təsərrüfatı texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunacağı “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Burada ekosistemin yaradılması üçün ümumilikdə $100 milyon sərmayə qoyulacaq. Kompleks Azərbaycanın və Türkiyənin ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək.