Torpaqların dincə qoyulması eroziyanı azaldır, torpağın keyfiyyətini yaxşılaşdırır, məhsuldarlığı bərpa edir. Dincə qoyulan torpaqlara subsidiyanın verilməsi Prezident İlham Əliyevin imzaladığı Fərmanla kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişiklikdə əksini tapıb.
"Əsas məqsəd fermerlərin daha gəlirli sahələrə yönləndirilməsidir" - VİDEO
Bəs bölgələrdə mütəxəssis və fermerlər yeni qaydalarla bağlı nə kimi məlumatlıdır və dincə qoyulma necə həyata keçirilir?
FED.az xəbər verir ki, Şəki Regional Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəhbəri, Aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev layihənin reallaşması istiqamətində ilk təşəbbüskarlardan biri kimi tanınır. Mütəxəssisin sözlərinə görə, Şəkidə 65 min hektardan artıq əkin sahəsi mövcuddur. Hər il respublikada istehsal olunan taxılın 10-15 faizi Şəki rayonunun payına düşür. Lakin rayonda taxılçılığın 50 faizi dəmyə sahələridir. “Belə sahələrdə növbəli əkin aparılmadığından, suvarma sistemləri olmadığından təbii ki, məhsuldarlığa da əhəmiyyətli dərəcədə təsir göstərir. Subsidiya Şurasının qərarı ilə artıq 2026-cı ildən dincə qoyulmuş torpaqlara da herikli və qara herik üçün subsidiyanın verilməsi bir mütəxəssis olaraq bizləri də çox sevindirir. Bu qərarla bağlı fermerlər arasında geniş təşviqat işinin aparılmasına ehtiyac var”, - deyən Tələt Mehdiyev ötən illərdə təkcə Şəkinin Turan qəsəbəsi və ətraf yaşayış məntəqələrində fermerlərin 20 min hektardan artıq sahələrinin məhv olduğunu diqqətə çatdırır.
Fermer Hikmət Hacısalmanov mütəmadi olaraq mütəxəssislərlə məsləhətləşir və onların tövsiyələrinə riayət edir. Belə ki, fermer əkin apardığı 20 hektarın 3-4 hektarını hər il dincə qoyur. Bu isə növbəti ildə öz bəhrəsini verir. Gənc fermer bildirir ki, hazırda dincə qoyulmuş sahənin dekabrın sonunda qış şumunu həyata keçirəcək. Mart ayında yağıntıların miqdarı çox olarsa, alaq otları basarsa, sahəni herbisidlərdən istifadə etməklə ikinci dəfə şumladacaq ki, torpaq bütün zərərvericilərdən azad olsun. “Dincə qoyulmuş sahələr üçün subsidiyaların verilməsi lap yerinə düşdü. Növbəti illərdə əkin sahələrini genişləndirməklə yanaşı, dincə qoyulacaq sahələri də artırmağı düşünürəm. Burada fermerin itirəcəyi heç nə olmur. Əksinə, dincə qoyulmuş sahələrin məhsuldarlığı həm yüksək olur, həm də torpaq münbitliyini qoruyur”, - deyə fermer fikrini əsaslandırır. (Azərtac)










