Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda gələcəkdə dequstasiya komissiyasının yaradılması nəzərdə tutulur. Komissiyanın yaradılması ilə yanaşı, beynəlxalq dequstasiya tədbirlərinin Azərbaycanda keçirilməsi istiqamətində də müəyyən addımlar atılır.
FED.az xəbər verir ki, bu barədə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahov məlumat verib.
Azərbaycan brendlərinin ixrac potensialının artırılması istiqamətində görülən işlərə toxunan institutun direktoru bildirib ki, yaxın vaxtlarda Fransanın paytaxtı Parisdə Azərbaycan şərablarının təqdimatı keçiriləcək. Tədbirə hazırlıq çərçivəsində bu sahədə çalışan alim və mütəxəssislər bir araya gələrək, iştirakla bağlı müzakirələr aparırlar.
Hazırda Elmi-Tədqiqat İnstitutunda texniki komitənin yaradılması istiqamətində də iş aparıldığını diqqətə çatdıran Tariyel Pənahov deyib: “Bu komitəni yaratmaqda məqsəd istehsal olunan məhsullara dair normativ hüquqi sənədlər hazırlayaraq vaxtında istehsalçılara çatdırmaqdır. Çünki bu gün məhsulun istehsalı ilə yanaşı, ona müvafiq sənədlərin hazırlanması da ciddi şəkildə tələb olunur. Müvafiq sənədlərin olmaması ixrac zamanı ciddi çətinliklər yaradır”.
Tariyel Pənahov bildirib ki, üzümçülük və şərabçılıqla məşğul olan sahibkarlar qarşılaşdıqları problemlər, üzləşdikləri çətinliklər barədə hər zaman Elmi-Tədqiqat İnstitutuna müraciət edə bilərlər. İnstitutun mütəxəssisləri onlara düzgün istiqamət verməyə və lazımi kömək göstərməyə həmişə hazırdır.
© Azərtac
Dequstasiya komissiyası yaradılacaq - AÇIQLAMA
21:14
20 Sen 2018