Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyində baş verən dəyişiklik, ölkədə diqqəti suvarma və bu sahədəki problemlərə yönəldib.
FED.az xəbər verir ki, suvarma ilə bağlı problemlər fermerlərin dəfələrlə narazılıq etdiyi məsələlərdəndir. Və son təyinatdan sonra bu müzakirələrə Milli Məclisin deputatları da qoşulub. Şəmkirdən olan deputat Nurlan Həsənov bildirib ki, bir sıra şəxslər qanunsuz yollarla subartezian quyuları qeyri-rəsmi «özəlləşdirilir» və bundan digər kənd sakinlərinin istifadəsinə imkan verilmir.
Nurlan Həsənov yazır: «Seçki dairəmizdə insanları narahat edən başlıca problem su problemidir. Bu gün isə Cənab Prezident tərəfindən Meliorasiya və Su Təsərrüfatı ASC-yə yeni rəhbərliyin təyin edilməsi Şəmkir kənd seçki dairəsində suvarma suyu problemlərinin həlli istiqamətində yeni ümidlər yaradır.
Suyun ədalətsiz bölgüsü, ədalətsiz qərarlar, fermerlərimizin, sadə vətəndaşların suvarma suyu təminatında ciddi problemlər yaradır. Seçki dairəmdə kəndləri gəzərkən müxtəlif suvarma suyu problemləri ilə yerində dəfələrlə qarşılaşmışam. Məsələn, bəzi hallarda dövlət balansında olan subartezian quyuları bir qrup şəxslər tərəfindən “özəlləşdirilir”, yəni bəzi şəxslər dövlət balansında olan subartezian quyusuna zor gücünə və ya “başqa vasitələrlə” qanunsuz yiyələnməklə, dövlətimiz tərəfindən bütün vətəndaşların istifadəsi üçün nəzərdə tutulan su quyularından yalnız özləri istifadə edirlər. Nümunə kimi, Şəmkir şəhəri Zəyəm qəsəbəsində yerləşən bəzi su quyularını demək olar.
Məsələn, sahibkarlıq fəaliyyəti ilə məşğul olan böyük bir sahibkar, dövlət balansında olan ŞR-19 nömrəli subartezian quyusundan və daha digər 2 subartezian quyusundan digər kənd sakinlərinin istifadəsinə imkan vermirdi və yalnız öz fərdi sahibkarlıq məqsədləri üçün, bir sözlə özünün şəxsi əmlakı kimi istifadə edirdi (şəkil həmin su quyusunun yanında çəkilib). Bununla bağlı dəfələrlə şikayət daxil olub mənə. Düşünün, dövlət balansında olan subartezian quyularının elektrik xərcləri dövlət büdcəsi hesabına ödənilir və bu kimi hallar isə dövlət büdcəsinə ciddi maddi ziyan vurmaqla eyni zamanda yerli sakinlərin, kiçik sahibkarların ciddi narazılığına səbəb olur.
Tezliklə, seçki dairəmizdə suvarma suyu ilə bağlı problemləri ümumiləşdirilmiş qaydada yeni rəhbərliyə təqdim edəcəyik. Zaur Mikayılova isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri kimi bu məsuliyyətli vəzifənin icrasında uğurlar».