“Azergold” QSC-nin dəstəyi ilə kartof təsərrüfatı yaratmış fermerlərə Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta ödənişləri təqdim olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən FED.az-a bildirilib ki, 2024-cü ildə “AzerGold” QSC-nin təşkilatçılığı və nazirliyin dəstəyi ilə icra olunmuş “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində rayonun Quşçu və Zəylik kəndlərindən olan 10 fermerə məxsus 10 hektar sahədə kartof əkini aparılıb. Həmin dövrdə rayon ərazisində müşahidə olunan qeyri-sabit, əlverişsiz hava şəraiti bəzi təsərrüfatlara, o cümlədən “AzerGold” QSC-nin həyata keçirildiyi layihə iştirakçılarının təsərrüfatlarına ziyan vurub. İntensiv dolunun düşməsi və leysan yağışları nəticəsində fermerlər ziyanla üzləşiblər. Təsərrüfatlar sığorta edildiyindən Aqrar Sığorta Fondunun və aidiyyəti qurumların birgə səyi ilə ziyanların qarşılanması üçün sığorta ödənişləri həyata keçirilib. Bu proses fermerlərin daha təhlükəsiz və dayanıqlı fəaliyyəti baxımından mühüm əhəmiyyət kəsb edir.
“Daşkəsəndə kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsini aqrar sahədə həyata keçirilmiş mühüm sosial təşəbbüslərdən biridir və layihə çərçivəsində sığorta olunmuş əkin sahələrinə dəymiş ziyanın qarşılanması aqrar sığorta sisteminin əhəmiyyətini bir daha təsdiq edir. Təkcə 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara 6,4 milyon manat ödəniş olub və bu proses davam etməkdədir.