2019-cu ildə ölkədə yaş barama istehsalının 800 tona çatdırılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 20000 qutu hibrid ipəkqurdu sənaye toxumları (qrena) gətirilib.
Nazirlikdən FED.az-a verilən məlumata görə, ölkəyə gətiriləcək hibrid tut ipəkqurdu sənaye toxumlarının keyfiyyətinə nəzarətin gücləndirilməsi, cinslər üzrə toxum materialının seçiminin düzgün aparılması, yarana biləcək çətinliklərin yerində həll edilməsi məqsədi ilə Nazirliyin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev, Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova və “Azəripək” MMC-nin direktoru Nizami Qəribov 16-23 aprel tarixlərində Çin Xalq Respublikasına ezam olunublar.
Səfər çərçivəsində nümayəndə heyəti Şandon əyalətində fəaliyyət göstərən Super elit, elit, hibrit ipəkqurdu toxumu istehsalı müəssisələrinin fəaliyyəti, maddi texniki bazası ilə yaxından tanış olub və yeni intensiv üsulla salınmış tut plantasiyalarına baxış keçirilib. Qeyd edək ki, bu şirkətlərin istehsal etdiyi ipək qurdu toxumlarının bir hissəsi yerli tələbat üçün istifadə edilir, qalan hissəsi isə Özbəkistan, Tacikistan və Azərbaycana ixrac edilir.
Plana uyğun olaraq Çin Xalq Respublikasından 20 min qutu yüksək keyfiyyətli, məhsuldar hibrid ipəkqurdu sənaye toxumları nümayəndələr tərəfindən yerində seçilib, onların iştirakı ilə qablaşdırılıb və hava nəqliyyatı vasitəsi ilə aprelin 23-də ölkəmizə gətirilib. Ölkəyə gətirilən toxumların 16875 qutusu Qax Damazlıq İpəkçilik Stansiyasında, 3125 qutu isə Zaqatala, Balakən və Ucar rayonlarında fəaliyyət göstərən kümçülər tərəfindən inkubasiyaya qoyulub. İnkubasiyadan əldə olunmuş ipək qurdlarının may ayının birinci on günlüyünə qədər müvafiq rayonların kümçülərinə bölgü əsasında paylanılması nəzərdə tutulub.