Kənd Təsərrüfatı Nazirliyi (KTN) Azərbaycanda baramaçılığın yem bazasının formalaşdırılması, tut (çəkil) tinglərinin tədarükü, barama toxumçuluğunun təşkili və digər istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsini davam etdilir. Bu tədbirlər çərçivəsində Çindən Azərbaycana 1 mln. ədəd tut (çəkil) tingləri gətirilib.
Nazirliyin məlumatına görə, rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədi ilə tut tinglərinin alınması üçün Çinin “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə uyğun olaraq şirkət tərəfindən tədarük edilmiş 1 mln. ədəd tut tingləri hava nəqliyyatı vasitəsi ilə Azərbaycana gətirilib.
Yüklər Heydər Əliyev adına Hava Limanından nazirliyin hazırladığı bölgü əsasında, ayrılmış nəqliyyat vasitələri ilə operativ surətdə Lənkəran, Tovuz, Şəki, Bərdə və Ucar rayonlarına yola salınıb və sonradan bölgüyə uyğun olaraq bu rayonlardan ətraf 38 rayona paylanılacaq.
Qeyd edək ki, gətirilən çəkil tingləri beynəlxalq standartlara cavab verən, 2 illik calaq olunub, həm daşınmasını asanlaşdırmaq, həm də sükunət dövrünü başa vurmaq məqsədilə kök boğazından 50 sm olmaqla kəsilib hazırlanıb və fermer və sahibkarlara ödənişsiz əsaslarla veriləcək.
Gətirilmiş tinglər fitosanitar baxışdan keçirilib və bu gündən artıq rayonlarda əkininə başlanılıb.