Cəlilabad rayonunda yağın güclü yağışlar və dağətəyi ərazilərdə baş verən sel-subasma nəticəsində əkin sahələrinə böyük zərər dəyib.
"Sığortanız varsa narahat olmayın" - Aqrar Sığorta Fondu fermerlərə müraciət etdi
FED.az xəbər verir ki, rayonun Masallı ilə sərhəddə yerləşən Həziabad kəndində çiyələk sahəsini su basıb, nəticədə burada götürüləcək məhsul demək olar tamamilə məhv olub.
Əkin sahəsinin sahibi Nağı Məmmədov FED.az-a bildirib ki, çiyələk əkdiyi 4,5 hektarın 1,5 hektarını su basıb və məhsul demək olar tamamilə itirilib: «Sahənin hər hektarından 25-30 ton məhsul götürməyi planlaşdırırdıq, amma subasmaya görə həmin hissədə məhsulu demək olar tamamilə itirmişik».
Hadisə həm açıq sahədə, həm də istixanalarda becərilən məhsulu məhv edib.
Sahənin məhsuldarlığını və çiyələyin qiymətini nəzərə alanda ən aşağı qiymətləndirməyə görə, təsərrüfata ümumilikdə 50 min manat yaxın zərər dəyib.
Fermer bildirib ki, bu - ərazidə baş verən ilk hadisə deyil, bir neçə gün əvvəl bölgədə baş verən güclü külək meyvələrin əkildiyi istixanaları uçurub və fermerlərə böyük zərər dəyib.
Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta əkin sahələrini belə hallardan qoruyur. N.Məmmədov aqrar sığortadan xəbərdar olduğunu bildirsə də, etiraf edib ki, əkin sahəsini sığortalamağı vacib saymayıb. Vaxtilə kənddəki evini də bir neçə il sığortalayan fermer sonradan hadisə baş vermədiyini görüb, evini də sığortalamağı dayandırıb.
FED.az-ın əməkdaşı ilə birlikdə aparılan sadə hesablama göstərib ki, fermer hazırda su basan çiyələk sahəsini aqrar sığorta vasitəsilə sığorta etsə idi, hesablanmış sığorta haqqı 1470 manat təşkil edəcəkdi. Qaydalara görə, fermer bu məbləğin yalnız yarısını - 735 manatını ödəyir, qalan hissəni fermerə dəstək üçün dövlət ödəyir. Ərazi sığortalı olsa idi, dəyən zərərin məbləği Aqrar Sığorta Fondu tərəfindən qarşılanacaqdı. Fermer N.Məmmədov bu hadisədən nəticə çıxardığını və gələn il meyvə digər əkin sahələrinin hamısını sığorta edəcəyini bildirib.