Lənkəran rayonunun Talışlı kənd sakini Eynulla Cəlalovun maraqlı hobbisi var. O, 15 ilə yaxındır ki, bambuk ağacından müxtəlif məişət əşyaları hazırlayır.
Əvvəl hobbi kimi baxırdı, sonradan təsərrüfat yaradıb - BİZNES QURDU
Çində “həyat ağacı” adlandırılan bambuk Lənkəran rayonuna ötən əsrin sonlarında gətirilib. Rütubətə, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimə malik cənub bölgəsinə tez uyğunlaşıb.
FED.az xəbər verir ki, Eynulla Cəlalov bildirib ki, Lənkəranda əkilən bambuk ağacının hündürlüyü 20 metrə qədər olur, diametri isə yaşına uyğun genişlənir. Bu bitkinin xüsusi becərilmə qaydası var.
Həyətyanı torpaq sahəsində yetişdirilən mindən çox bambuk ağacı bu gün əl işləri hazırlamaqda Eynulla Cəlalov üçün əvəzsiz xammaldır. O, boş vaxtlarında həyətindəki emalatxanada bambukdan əsasən çarpayı, masa, stul, kreslo, kitab rəfi düzəldir. Bu əşyaların hər birinin hazırlanması üçün səbir, dözüm, ən başlıcası isə bacarıq lazımdır.
Bambuk ağacının xüsusiyyətlərindən söz açan usta bildirir ki, bu, çox nəvaziş və qulluq tələb edən bitkidir. Yaxşı qulluq olunan hər bir ağac 6 həftəyə böyüyüb boy atır. İkinci ildən isə inkişaf etməyə başlayaraq, möhkəmlənir. Bambuk ağacları müxtəlif diametrlərdə olur.
Eynulla Cəlalov xammal kimi əsasən üçillik bambuk ağaclarından istifadəyə üstünlük verir. Hazırladığı əşyalara alıcıların marağı böyükdür. Deyir ki, bu işə hobbi kimi başlasa da, indi əl işlərinin satışından yaxşı qazanc əldə edir.
Qeyd edək ki, Eynulla Cəlalov mədəniyyət işçisidir. Düzəltdiyi məişət əşyaları dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. O, bu işlərə görə fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna da layiq görülüb. (Azərtac)