Aqrar

Bu il «soğan faciəsi» niyə baş vermədi?  - BAZARDA YENİLİK

Bu il «soğan faciəsi» niyə baş vermədi?  - BAZARDA YENİLİK | FED.az
12:06 19 Avqust 2019

Azərbaycan fermerləri kənd təsərüfatı üçün ənənəvi olaraq ən gərgin sayılan avqust ayını bu il daha normal keçirirlər.
FED.az-ın müşahidələrinə görə, avqust ayı ənənəvi olaraq məhsulların qiymətinin ən aşağı həddə düşdüyü və fermerlərin gəlirlərinin kəskin azaldığı bir dövrdür. Bu hal özünü xüsusilə soğan istehsalçılarında göstərir.

Eləcə də bax: Özümüzü ətlə təmin edə bilirikmi? – NAZİRLİKDƏN AÇIQLAMA

Qeyd edək ki, son illər Azərbaycanda soğan əkinlərinə maraq və bu sahə ilə məşğul olanların sayı artıb. Digər tərəfdən, əkin zamanı daha müasir üsullardan, məsələn damcılı suvarmadan istifadə edildiyinə görə, məhsuldarlıq da artıb. Nəticədə yay aylarında sahələrdən böyük məhsul götürülür. Bu bir tərəfdən bolluq yaratsa da, fermerlər üçün mənfi tərəfi də var. Belə ki, dühgün planlaşdırma olmadığından yığılan soğan dəyər-dəyməzinə satılır, ya da sadəcə atılırdı.

Əvvəlki illərdə yayın son ayında soğanın qiymətinin kəskin ucuzlaşması fermerlərin gəlirlərini azaltmaqla yanaşı, məhsulun satışına da mane olur, bir hissəsinin korlanıb atılması ilə nəticələnirdi. Digər tərəfdən bu dövrdə dünyanın hər yerində soğan məhsulu yığıldığından bütün bünyada soğan bolluğu olur və ixrac imknaları da zəifləyirdi.

Məsələn, son iki il ərzində avqustda Ağdam soğanının sahəbaşındakı qiyməti 5 qəpiyə düşmüşdü, satılmayan soğanın bir hissəsi tullantı kimi atılmışdı.

FED.az-ın məlumatına görə, bu il vəziyyət fərqli olub.

“Azərbaycan Soğan İstehsalçıları və İstehlakçıları Assosiasiyası”nın köməyi ilə soğan istehsalçıları bu il öz işlərini koordinasiya edib və satış prosesini və mərhələlərini daha düzgün planlaşdırıblar. Bu il Ağdam soğanının sahədə alınması qiyməti 15 qəpikdən aşağı düşməyib, eləcə də bolluq olsa da soğanın tullanması halı baş verməyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzindən FED.az-a verilən məlumata görə, bu il ilk dəfə olaraq xüsusilə orta və iri sahibkarlar mövsümdən sonrakı dövr üçün də satış planlaşdırması ediblər. Yəni soğanı mövsümdə dəyər-dəyməzinə satmağa deyil mövsümdən sonra saxlamağa üstünlük verdilər. Bu da öz təsirini göstərib: «Nəticədə soğan 5 qəpiyə satılıb çürümədi, qiymətlər 15-20 qəpik olaraq qaldı, üstəlik mövsümdən sonra satış üçün də soğan partiyası qaldı».

Başqa sözlə avqust ayında bazarda onsuz da məhsul bolluğu olduğuna görə, əlavə partiyanı bazara indi deyil sentyabrda çıxarmaq qərara alınıb. Bu da adətən mövsümdən sonra baş verən qıtlığın qarşısını almalıdır.

Nəticədə soğanın sahələrdəki qiymətləri ötənilki 5 qəpiklə müqayisədə bu il 15-20 qəpik olub. Bakıda topdansatış qiyməti isə ötən ilki 33 qəpikdən, bu il 40-42 qəpiyə yüksəlib.

Fermerlərin bir hissəsi bu soğanları soyuducularda, digəri isə çardaqlarda caxlayıblar. Bu yenilik nəticəsində indiyədək boş qalan soyuducuların da bir hissəsi istifadə edilib.

Qeyd edək ki, Azərbaycanda, daha dəqiqi Bakının topdansatış bazarlarında soğanın topdansatış qiymətləri yay aylarını nəzərə almayanda 30-40 qəpik arasında dəyişir. Son 3 ildə soğanın ən yüksək topdansatış qiyməti 2 dəfə qeydə alınıb. Bunlardan biri 2016-cı ilin yanvarında baş vermiş və soğanın topdansatış qiyməti 60 qəpik olmuşdu.

Daha kəskin qiymət artımı isə bu ilin mart aprel aylarında baş vermişdi. Həmin vaxt Türkiyədə soğan qıtlığı və qiymətlərin artımı nəticəsində Azərbaycan fermerləri məhsullarının bir hissəsini Türkiyəyə ixrac etməyə üstünlük verdiyinə görə ölkədə müvəqqəti soğan qıtlığı yaranmış və soğanın topdansatış qiyməti martda 70 qəpiyə, apreldə isə 79 qəpiyə yüksəlmişdi. O vaxtdan bəri qiymətər 40-44 qəpik arasında dəyişib. İyulda qiymət 63 qəpiyə yüksəlsə də, avqustda yenidən 40-42 qəpik dəhlizinə düşüb.

Başqa sözlə, bu il işin birinci hissəsi yerinə yetirilib – fermerlərin kəskin zərərə düşməsinin qarşısı alınıb. Bundan sonra əsas məsələ mövsümün sonunda qiymətlərin kəskin bahalaşmasına imkan verməməkdir.

Digər xəbərlər