Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a daxil olmuş məlumata görə, Azərbaycan fermerləri ötən illərdə olduğu kimi, bu il də pambıqçılıqda yüksək məhsuldarlıq göstəriciləri əldə ediblər. Ötən il sahələrdən 295 min ton pambıq yığılmışdısa, bu il fermerlər məntəqələrə 300 min tondan artıq pambıq təhvil veriblər.
Eləcə də bax: Azərbaycanda yunan sortu ilə yerli pambığı - CALAQ EDİBLƏR
2020-ci ildə pambıq üzrə orta məhsuldarlıq 30 sentneri keçib ki, bu da Azərbaycanın pambıqçılıq tarixində qeydə alınan ən yüksək göstəricilərdən biridir.
Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.
2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. İndiyədək ən yüksək orta məhsuldarlıq Salyan (39,15 sent/ha), Neftçala (37,79 sent/ha), Yevlax (32,50 sent/ha), Beyləqan (32,33 sent/ha), Sabirabad (31 sent/ha), Saatlı (30,91 sent/ha), Ağcabədi (30,78 sent/ha) və Goranboy (30,68 sent/ha) rayonlarında qeydə alınıb.
2020-ci ildə ən çox pambıq əkini Saatlı (14141 ha), Ağcabədi (10689 ha), Bərdə (10646 ha), Biləsuvar (10061 ha), Sabirabad (9683,5 ha) və Beyləqan (8743 ha) rayonlarında aparılıb.
Qeyd edək ki, Azərbaycanda pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Yeni subsidiya mexanizminə əsasən, pamblıqçı fermerlər təhvil verdikləri məhsula görə dövlətdən həm əkin, həm məhsul subsidiyası alırlar. Pambıq sahəsinin hər hektarına görə, fermerə 220 manat subsidiya verilir, eyni zamanda fermerlər qəbul məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat subsidiya alırlar. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manat olmaqla satın alınır. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və ən çox gəlir gətirən sahəsinə çevrilib.