Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükü davam edir. Kümçülər rayonda yeni istifadəyə verilən Baramaqurutma Müəssisəsinin qəbul məntəqəsinə indiyədək 30,5 ton yaş barama təhvil veriblər.
FED.az xəbər verir ki, builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 10 ton artırılaraq, 46 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 271 kümçü ilə müqavilə bağlanılıb, onlara 1150 qutu, yəni 21 kiloqram 850 qram ipəkqurdu paylanılıb.
Qəbul məntəqəsindən verilən məlumata görə, Lahıc kəndindən Nurlan Məmmədov hələlik məntəqəyə rayon üzrə hamıdan çox – 313 kiloqram yaş barama təhvil verib. Muğanlı kəndindən Şakir Dəmirov bu günədək məntəqəyə 310 kiloqram, Üçüncü Tala kəndindən Mahmud Mahmudov isə 285 kiloqram yaş barama gətirib.
Barama tədarükü prosesi “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir.(Azərtac)