Bu il Azərbaycanda 986 685 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 611 967 hektarını buğda, 374 717 hektarını isə arpa sahələri təşkil edir.
Bu barədə FED.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumatda deyilr ki, hazırda 27 rayonda arpa biçini davam edir. İyunun 1-nə olan operativ məlumata görə, artıq 19 666 hektar sahədə biçin aparılıb. Sahələrdən indiyədək 54 600 ton məhsul yığılıb. Biçinin start mərhələsində arpa üzrə orta məhsuldarlıq 27,8 sentner təşkil edir. Ən çox biçin ənənəvi olaraq mövsümə ilk start verən Neftçala rayonunda aparılıb - 8 045 hektar. Biləsuvar, Saatlı, Sabirabad və Cəlilabad rayonlarında biçin aparılmış sahə min hektardan artıqdır.
Aran rayonlarında arpa biçininin optimal müddətdə başa çatacağı gözlənilir. İyunun ikinci ongünlüyündə isə bu bölgələrdə buğda biçininə start veriləcək.
İyunun 1-nə olan operativ məlumata görə, biçin prosesinə 856 taxılbiçən kombayn cəlb olunub. Aktiv biçin prosesində “Aqroservis” ASC-nin yerli bölmələrinin 289, fiziki və hüquqi şəxslərin isə 429 kombaynı iştirak edir. Bundan başqa, “Aqroservis” ASC biçin gedən rayonlara hazırda biçin aparılmayan dağətəyi və dağlıq ərazilərdə yerləşən bölmələrdən əlavə olaraq 138 kombayn dislokasiya edib. Şirkətin kombaynları vasitəsilə 9 409 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar vasitəsilə isə 10 257,4 hektar sahədə biçin aparılıb.
“Aqroservis”in kombaynları sahəsi 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda biçin aparır. Bu il taxıl sahələrinin 78%-i məhz kiçik təsərrüfatların payına düşür. Biçin prosesi növbəlilik prinsipi əsasında aparılır. Növbəlilik sistemini biçinə hazırlıq dövründə yerli icra nümayəndələri və bələdiyyələr müəyyənləşdirib, sistemə nəzarəti isə Dövlət Aqrar İnkişaf Mərkəzləri həyata keçirir.
2021-ci ildə taxıl biçini ərəfəsində “Aqroservis”in rayon bölmələrində 650, təchizat bazalarında isə 135 taxılbiçən kombayn var. Kombaynların hamısı biçinə hazır vəziyyətdədir. Bundan başqa, biçin prosesində fiziki və hüquqi şəxslərə məxsus 1 000-dən artıq kombaynın iştirakı gözlənilir. Rayonların kombaynlara olan tələbatının əvvəldən müəyyən edilməsi, texnikaların biçindən əvvəl tələbata uyğun olaraq rayonlarda dislokasiya olunması, “Aqroservis”in sosial biçin siyasəti həyata keçirməsi (ilk növbədə 50 hektaradək sahələrdə biçin aparılacaq) ötən illərdə olduğu kimi bu il də biçin prosesində texnika ilə təminatda probem olmayacağını söyləməyə əsas verir.
Taxıl biçini davam edir.