Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndə heyəti taxılçılığın mövcud durumu və yazlıq əkinlərə hazırlıqla bağlı bölgələrdə silsilə görüşlərə başlayıb.
Nazirlikdən FED.az-a verilən məlumata görə, görüşlərdə taxıl əkini sahələrinin mövcud durumu, payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, yazlıq əkinlərə hazırlıq, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılır.
İlk görüşlər Cəlilabad və Biləsuvar rayonlarında keçirilib. Görüşlərdə çıxış edən nazirliyin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, taxıl sahələrində aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına birbaşa təsir göstərir. Fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidir.
Nazirlik rəsmisi qeyd edib ki, aprelin ikinci ongünlüyündən başlayaraq pambıq sahələrində çiyid səpininə başlanacaq. Fermerlərin əkinə hazırlıq prosesini düzgün aparması, sahələrin arata qoyulması vacibdir.
Görüş zamanı yazlıq əkinlərdə düzgün toxum seçimi, subsidiya almaq üçün elektron müraciətin formalaşması, fermerlərin gübrə, texnika, pestisidlərlə təminatı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Növbəti görüşlər Neftçala və Salyan rayonlarında keçiriləcək.