Çinin dövlət korporasiyası olan “YTO Group” tərəfindən Azərbaycanın Qusar rayonunda tikilən traktor zavodu bu ilin sonunadək istehsala başlayacaq. Bu barədə FED.az-a korporasiyanın Azərbaycandakı təmsilçiliyinin rəhbəri və raktor zavodu layihəsinin direktoru Fərhad Məhərrəmov bildirib.
Onun sözlərinə görə, artıq zavodun tikinti işlərinin 80%-i başa çatıb və ilin axırında traktor istehsalına başlamaq nəzərdə tutulur. Azərbaycan tərəfdən bu layihəyə dəstək verən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə Çin şirkəti arasında barədə imzalanmış memoranduma əsasən, traktor zavodunda ildə 800 ədəd orta ölçülü (18-40 at gücündə) YTO traktorları yığılacaq.
Eləcə də bax: 1 sotdan 500-800 manat gəlir əldə edirlər
Əldə edilən razılığa əsasən traktorların ehtiyat hissələrinin ixracı üçün kreditin ayrılması qərara alınıb. İstehsalın ikinci ilindən etibarən traktorların mühərrikləri və ötürücü qurğuları istisna olmaqla digər ehtiyat hissələri Azərbaycanda fəaliyyət göstərən müxtəlif müəssisələrdən alınacaqdır ki, bu da əlavə müxtəlif sənaye sahələrinin inkişafına müsbət təsir göstərəcək. Ümumilikdə zavoda yığılan traktorların ehtiyat hissələrinin 30%-i burada yığılacaq: «Məsələn traktorların kabinələrinin, eləcə də aksessuar və elektrik cihaz-avadanlıqlarının ölkə daxilində istehsalına çalışırıq». Zavod bu sahədə ölkənin bir neçə yerli şirkəti ilə əməkdaşlıq edəcək ki, onlardan biri də Sümqayıtdakı «Sumqayıt Texnologiya Parkı»dır (STP).
Eləcə də bax: Prezident narazı qaldığı rayonları sadaladı - SİYAHI
Zavodun tikintisi və işə salınması layihəsinə ümumilikdə 30 milyon dollar investisiya yatırılması nəzərdə tutulub. Şirkət təmsilçisinin sözlərinə görə, ilkin danışıqlarda layihənin daha kiçik olması nəzərdə tutulsa da, Azərbaycandakı iqtisadi canlanma nəticəsində planlar dəyişib: «Əvvəllər layihə daha kiçik idi, amma bu sahəyə, həm dövlət, həm də vətəndaşlar tərəfindən diqqətin artması, ümumiyyətlə kənd təsərrüfatının ölkə üçün prioritet sahəyə çevrilməsi özünü göstərdi. Kənd təsərrüfatı texnikaların Azərbaycanda daha rahat istehsal edilməsi imknalarını görürük. Çünki son vaxtlaradək ölkəyə traktorlar Rusiya və Avropadan gətirilirdi. Ona görə də layihəni daha da böyütmək, istehsal gücünü artırmaq qərarına gəldik».
Nəticədə, ilkin dövltə zavoda ildə 600-700, daha sonra isə 1000-ə yaxın traktor və kənd təsərrüfatı aqreqatları istehsal ediləcək.
Eləcə də bax: Pomidor ixrac etmək istəyən şirkətlərin siyahısını verin - RUSİYADAN TƏKLİF
Zavodda buraxılan traktorların qiyməti də xarici analoqlarından ucuz olacaq: «Bizdə qiymətlər xarici traktorlardan 2-3 dəfə aşağı olmalıdır». Hələlk traktorlar ylnız daxili bazarda satılacaq, amma gələcəkdə ixrac edilməsi də mümkündür: «Məsələn, Rusiya tərəfi üçün sərfəlidir ki, bu traktorları Çindən almaqdansa, Azərbaycandan alsın. Xüsusilə Rusiyanın cənub bölgələri üçün bu daha sərfəli variantdır».
Zavodun əsas alıcısı “Aqrolizinq” ASC olacaq. Belə ki, burada buraxılan YTO traktorları “Aqrolizinq” ASC vasitəsi ilə yerli fermerlərə sərfəli şərtlər əsasında satılacaq. Fermer texnikanın dəyərinin 20%-i əvvəlcədən ödədikdən sonra yerdə qalan məbləğ 10 il (120 ay) müddətində bərabər ödənişlə bölünəcək, bu zaman fermerlər cüzi məbləğdə ödəniş etməklə traktor əldə edə biləcəklər. Amma istənilən fermer özü də birbaşa olaraq zavoddan traktor ala biləcək.
Qeyd edək ki, YTO traktorlarının texniki göstəricilərinin asanlığı, rahat idarə olunması fermerlərə əlavə peşə hazırlığı keçmədən texnikadan istifadə imkanı verəcək. Alternativ markalarla müqayisədə bu traktorlar qiymətinin ucuzluğu, yüksək təzyiqli yanacaq nasosunun mövcudluğu, gücü, ehtiyat hissələrinin keyfiyyəti və uyğun qiyməti, az yanacaq sərfiyyatı ilə seçilir. YTO traktorları bağçılıq, tərəvəzçilik, tütünçülük, yemçilik, istixana sahələrində geniş istifadə olunur. Aparılmış araşdırmalara əsasən, hazırda ölkəmizin fermer təsərrüfatlarında kiçik ölçülü traktorlara böyük ehtiyac var.
Xüsusən, kiçik ailə təsərrüfatlarında əl əməyinin azaldılması, istehsal prosesinin intensivliyinin təmin olunması, itkilərin azaldılması baxımından bu texnikalar mühüm rol oynayacaq. Traktorlar kiçik əkin sahələrində rahat işləmək imkanı yaratmaqla cərgələrarası texniki işlərin aparılması, kultivasiya tədbirləri, məhsulların sahədən toplanması və digər vacib işləri qısa vaxtda həyata keçirir. Azərbaycanda YTO traktorlarının istehsalının yaradılması kənd təsərrüfatı maşın-texnika parkının sürətlə yenilənməsinə öz töhfəsini verəcək.
Qeyd edək ki, Çinin “YTO Group” korporasiyası dövlətə məxsusdur, illik istehsal gücü 120 min ədəd traktor, 230 min ədəd mühərrik təşkil edir. Korporasiya 18 at gücündən 380 at gücünə qədər olan zəncirli və təkərli traktorların bütün seriyalarını, mühərriklərini, kombaynları, kənd təsərrüfatı alətlərini istehsal edir. Dünyanın yüzdən çox ölkəsi ilə əməkdaşlıq edən şirkət bu ölkələrdə öz xidmət şəbəkələrini yaradıb, son üç ildə 20 min ədəd traktor ixracına nail olub. 2015-ci ildə ixracın həcmi 100 mln. dollar həcmində olub.
«Bizim traktorlar 2-3 dəfə ucuz olacaq» – YENİ ZAVOD TİKİLİR
12:23
4 Aprel 2018