Beyləqanlı fermerlər payızlıq soğan yığımına başlayıblar. Sahələrə vaxtında göstərilən qulluq nəticəsində bol məhsul yetişib.
Eləcə də bax: Soğan 1 manat 50 qəpik oldu - NAZİRLİK SƏBƏBLƏRİ AÇIQLADI
FED.az xəbər verir ki, rayonun Türklər kəndində soğan əkini ilə məşğul olan fermerlər ölkəmizdə tətbiq olunan karantin rejimi qaydalarına əməl edərək, məhsul toplayırlar.
Fermer Yusif İdrisov bildirib ki, əldə olunan məhsul əvvəlcə daxili bazara göndəriləcək, həm də ixrac imkanları araşdırılacaq. Üç hektar sahədə soğan əkən fermerin sözlərinə görə, hazırda qiymət də münasibdir. Bir kiloqram soğan sahədə 45-47 qəpiyə təklif olunur. Bu qiymət isə alıcı və satıcını razı salır. Fermer, həmçinin qeyd edib ki, yerli məhsulun bazara çıxması qiymətin nəzərəçarpacaq dərəcədə ucuzlaşmasına səbəb olacaq.
Digər fermer Yaşar Paşalıyev isə 8 hektara yaxın sahədə soğan becərib. O da sahədə məhsuldarlığın yüksək olduğunu vurğulayıb. Dövlət tərəfindən verilən subsidiyalar, güzəştli şərtlərlə alınan gübrələr sahələrə vaxtında qulluq etməyə şərait yaradıb. Hər hektara 30 tondan çox soğan əldə edən fermer, təsərrüfatından 250-300 ton məhsul götürməyi planlaşdırır. Yaşar Paşalıyev məhsulu xarici bazarlara çıxarmaq barədə də düşünür. Bu isə ölkəyə valyuta gəlməsi deməkdir.
Soğan alqı-satqısı ilə məşğul olan Türklər kənd sakini Rəşid Asifov da qiymətin münasib olduğunu bildirib. Onun sözlərinə görə, yerli məhsul çıxmazdan əvvəl bazarda xaricdən gətirilən soğan 1 manat – 1 manat 50 qəpik idi. Hazırda isə 70 qəpiyə qədər ucuzlaşıb. “Rayonumuzda əkilən soğan sahələrində məhsul çoxdur. Daxili bazarı təmin etməkdən əlavə, Rusiya və Gürcüstana da məhsul ixrac etməyə imkanımız var”, - deyə o vurğulayıb.
Beyləqan Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən il rayon üzrə 21488 ton soğan tədarük olunub. Cari təsərrüfat ili üçün isə 2019-cu ildə rayon üzrə 679 hektar sahədə soğan əkilib becərilib.
Azərtac