Azərbaycanda çoxsaylı şərab zavodları olsa da, onların bir çoxu tam gücü ilə işləmir. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib. Prezident hökumətə bu sahəni araşdırmağı tapşırıb:
«Biz ixracyönümlü kənd təsərrüfatı sahələri üzrə işlərimizi bundan sonra da davam etdirəcəyik. Mən bir müddət bundan əvvəl tapşırıq vermişdim ki, üzümçülüklə, şərabçılıqla bağlı olan məsələlər ciddi təhlil edilsin. Çünki mövcud vəziyyət bizi heç cür qane edə bilməz. İndi ilkin məlumat ondan ibarətdir ki, bizim kifayət qədər emal gücümüz, yəni, şərab zavodlarımız var, amma onların bir çoxu çox zəif işləyir. Yəni, istehsal gücünün 20-30 faizi səviyyəsində işləyir.
Eləcə də bax: «Şirkətimin 30%-ni satmağa hazıram» - AZƏRBAYCANLI İŞ ADAMI
Bilmirəm, vaxtilə sahibkarlar bu zavodları nəyə görə tikiblər, bəlkə pulları çox idi, bilmirdilər ki, pulları haraya yatırsınlar - tikiblər, amma səmərəsiz istifadə edirlər. Bu, heç bir məntiqə sığmayan məsələdir. Ona görə, bizim indi vəzifəmiz ondan ibarətdir ki, bu şərab zavodlarını sahibkarlar düzgün şəkildə idarə etsinlər. Üzüm istehsalı bizdə artır, yeni üzüm bağları salınır və mən bunu alqışlayıram. Şərabın ixracı da artır və burada da dövlət öz rolunu oynayır. İxrac missiyaları, sərgilərdə iştirakımız bunu mümkün edir.
Ancaq üzümçülük, şərabçılıqla bağlı növbəti xüsusi addımlar atılmalıdır. Vaxtilə biz dövlət proqramı qəbul etmişik. Mən deyə bilmərəm ki, bu proqram lazımi səviyyədə icra edilir. Ona yenidən baxmaq, təhlil aparmaq lazımdır ki, bu proqramın nəticəsində nə əldə etmişik? Yenə də deyirəm, yeni üzüm bağları salınır, şərab istehsalı artır, xarici bazarlara çıxır, amma bu, bizim çox gözəl ixrac məhsulumuz olmalıdır».
Bilmirəm bu zavodları niyə tikiblər, bəlkə pulları çox idi… - İLHAM ƏLİYEV
23:17
9 Aprel 2018