Kənd Təsərrüfatı Nazirliyi 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçirəcək.
Nazirlikdən FED.az-a verilən məlumata görə, sərgi-satış yarmarkasının açılışı oktyabrın 5-i saat 12.00-da olacaq.
Qeyd edək ki, bundan əvvəl yarmarkanın Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) keçirilməsi planlaşdırılırdı.
Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.
Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.
Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.
- Lənkəran iqtisadi rayonu üzrə - 15-18 sentyabr
- Aran iqtisadi rayonu üzrə - 19-21 sentyabr
- Gəncə-Qazax iqtisadi rayonu üzrə - 22-24 sentyabr
- Şəki-Zaqatala iqtisadi rayonu üzrə - 25-27 sentyabr
- Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə - 28 sentyabr
- Dağlıq Şirvan iqtisadi rayonu üzrə - 29 sentyabr
- Naxçıvan iqtisadi rayonu üzrə - 30 sentyabr
- Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə - 30 sentyabr
Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.