Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib. İclasda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
FED.az xəbər verir ki, iclasda Azərbaycan və Rusiya arasında kənd təsərrüfatında mövcud vəziyyətə toxunulub, tərəflər Azərbaycan ilə Rusiya arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıblar.
Tərəflər müzakirə olunan məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İclas çərçivəsində kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib, əlaqələrin genişləndirilməsi məqsədilə qurumlar arasında davamlı dialoqun qurulmasının vacibliyi vurğulanıb.