Bakı sakinləri yerli fermerlərin məhsullarını mobil telefon vasitəsilə ala biləcəklər. FED.az xəbər verir ki, bu yenilik Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Dövlət Aqrar Ticarət Şirkətinin "Kənddən Şəhərə" layihəsi çərçivəsində baş verəcək.
Layihəyə əsasən, Azərbaycanda kənd təsərrüfatı mallarının onlayn satış platforması yaradılacaq. Alıcılar mobil telefon və kompüterlər vasitəsiləsilə bura daxil olaraq alışlarını edə biləcəklər.
Şirkətin mətbuat katibi Mayıs Musayev FED.az-a bildirib ki, hazırda «Kənddən şəhərə» satış mərkəzində satılan bütün məhsullar sayta da yerləşdiriləcək: «Vətəndaşlar rahatlıqla sayta girib istədikləri məhsulu seçib istər onlayn, istər yerində ödəmə ilə əldə edə biləcəklər. Çatdırılma vaxtını müştərilər özləri seçəcək və bizim əməkdaşlar bu formada məhsulları yığıb çatdırma edəcək».
Eləcə də bax: Hökumətin «soğan» qərarı azı 3 ay gecikib – EKSPERTDƏN AÇIQLAMA
Yeni satış platformasının (kenddenshehere.az) artıq gələn həftə işə düşəcəyi nəzərdə tutulur. «Kənddən şəhərə» onlayn satış saytında, mərkəzin özündəki kimi, yalnız yerli məhsullar olacaq: «Bizim saytda satılan məhsullar yerli fermer və qida istehsalçılarının istehsal edəcəyi məhsullardır».
M.Musayev bildirib ki, məhsullarını bu saytda satmaq istəyən fermerlərə kömək göstəriləcək: İstehsalla məşğul olan bütün fermerlər öz məhsullarını «kənddən şəhərə» platformasında satışa çıxara bilər. Bunun üçün biz mütəmadi olaraq həm Dövlət Aqrar İnkişaf Mərkəzləri, həm də bizim əməkdaşlar bölgələrə səfərvər olacaq. Fermərlər tətbiq olunan qaydalar əsasında bizimlə əməkdaşlıq edə biləcəklər».
Hazırda mağazada satışı olmayan fermerlər də məhsulunu onlayn sata biləcəklər. İlkin mərhələ üçün onlayn satış yalnız Bakı ərazisində olacaq. Yəni saytla sifariş edən müstərilərə çatdırılma yalnız Bakı ərazisində olacaq. Növbəti illlərdə isə bu proses rayonlarda da mümkün olacaq: «Satışda olan mallar bizim anbarlarda və soyuducularda saxlanılacaq. Bir də bizim satış mərkəzində xüsusi ayrılmış yerləri olacaq ki, məhsulları orda saxlaya biləcəklər».
Onlayn satışda qiyəmtlər orta bazar qiymətindən 10-20 faiz ucuz olacaq: «Məhsullar fermerlərin birbaşa özündən satış mərkəzinə gəldiyinə görə qiymətlər digər satış nöqtələrindən daha aşağı qiymətə təklif olunacaq».
«Kənddən şəhərə» satış mərkəzində satılan bütün növ yerli istehsal ərzaq məhsulları, qablaşdırılmış məhsullar, ət süd məhsulları, un məmulatları, çərəz və meyvə quruları, bir sözlə bütün növ məhsullar qaydalara uyğun formada satışa çıxarılacaq.