Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin (ATT) və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 28-dən oktyabrın 18-nə qədər Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçirilmiş Arıçılıq Məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında 110 tona yaxın məhsul satılıb.
FED.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Leyla Məmmədova məlumat verib.
Eləcə də bax: Azərbaycana xaricdən bal idxalı qadağan edilə bilər - AÇIQLAMA
“Builki yarmarkada ölkəmizin 37 rayon və regionu üzrə 321 arıçı iştirak etdi. Yarmarkada iştirak edən hər arıçıya satışa hər arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilmişdi. Builki yarmarka öz innovativliyi ilə də ötən ilkilərdən fərqlənirdi. Belə ki, yarmarkaya qeydiyyat 6-11 sentyabr tarixlərində, tamamilə onlayn şəkildə www.bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilmişdii. Balların qəbulu prosesi isə ATT-nin Xocahəsən yolu, 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında aparılıb. Yarmarkaya təqdim edilən bütün arıçılıq məhsullarını Qida Təhlükəsizliyi Agentliyi laboratoriya şəraitində yoxlamadan keçirib. Yarmarkaya yalnız keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri uyğun olan arıçılıq məhsulları buraxılıb”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, ümumilikdə, bal yarmarkasına təqdim etmək üçün anbara 127,5 ton bal və 8,6 ton arı şanı olmaqla 136,1 ton arıçılıq məhsulu qəbul edilib: “Qida Təhlükəsizliyi Agentliyi 3 241 nümunə götürüb və laboratoriyada yoxlayıb. Qida təhlükəsizliyi və keyfiyyət göstəriciləri uyğun olan 122,2 ton arıçılıq məhsulu satışa buraxılıb. Yarmarka müddətində ümumilikdə 109,7 ton arıçılıq məhsulunun - 102,6 ton bal və 7,1 ton arı şanının satışı həyata keçirilib”.
“Həmçinin bu il ilk dəfə satışa çıxarılan hər bir arıçılıq məhsulunun üzərində ştrix-kod yerləşdirilib ki, bu kod vasitəsi ilə müştərilər www.bal.kendden.az saytına daxil olaraq aldıqları məhsulun hansı rayondan gətirildiyini və kim tərəfindən satışa çıxarıldığını, eyni zamanda məhsulun tərkibinin nədən ibarət olduğunu və laboratiriya göstəricilərini öyrənə bilib”, - deyə L.Məmmədova əlavə edib.
Qeyd edək ki, yarmarkanın son günündə ATT 321 arıçını yarmarkada iştiraklarına görə “İştirak şəhadətnaməsi”, 24 arıçını keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri ən yüksək bal və arıçılıq məhsulları təqdim etdiyinə görə “Keyfiyyətli arıçı”, 38 arıçını nümunəvi iştirakına, nizam-intizam qaydalarına yüksək səviyyədə riayət etdiyinə görə “Fərqlənmə sertifikatı”, 10 arıçını isə www.bal.kendden.az saytında keçirilən reytinq sorğusuna əsasən müştərilər tərəfindən məhsulları yüksək qiymətləndirildiyinə görə “Reytinq sertifikatı” ilə təltif edib.