Xeyli vaxtdır Salyanda üzüm plantasiyalarında məhsul yığımına başlanılıb. İndiyədək bağlardan 2000 tondan çox üzüm yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1689 ton çoxdur.
Üzüm bağlarının 500 hektardan çoxu rayonun Xalaç kəndi ərazisindədir. Burada şəkərliyi yüksək olan Ağadayı, Mahmudu, Əlişan, Ağ şanı, Qara şanı, Dərbəndi və yerli qara üzüm sortları yetişdirilir. Hüseyn İsmayılov uzun illərdir bu sahə ilə məşğul olur və hər il xeyli mənfəət götürür. “Xeyli vaxtdır ki, yetişdirdiyimiz məhsulun yığımına başlamışıq. Ötən ilə nisbətən bu il məhsul boldur. Məhsul çox olduğu üçün üzümün qiyməti də ucuzdur. Bağbanlar yerində üzümün 1 kiloqramını 80-90 qəpiyə təklif edirlər. Ötən il isə bu rəqəm 1.10-1.20 qəpik arasında olub”.
Rayonda yığım kampaniyası mütəşəkkil təşkil olunduğundan gün ərzində üzüm sahələrindən 15-20 ton məhsul yığılır. Mütəxəssislərin hesablamalarına görə, mövsümüm sonuna kimi bağlardan 4000 ton məhsul yığmaq mümkün olacaq.