«Azəriqaz» İstehsalat Birliyi qaz pulu ödəməyə çəətinlik çəkən, üstəlik məhsulunu Rusiyaya ixrac qadağasına görə böyük zərərlə üzləşmiş istixana sahiblərinə güzəşt edəcəyini açıqlayıb.
Şəmkirdə istixana sahibləri: «Elə bilirlər milyon qazanırıq, müflis olub getmişik» - POMİDOR BİZNESİ
Şirkətdən FED.az-a bildirilib ki, 2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə üzləşiblər. «Belə ki, xüsusən Şimal bazarlarında Azərbaycan kənd təsərrüfatı məhsullarının satışına müxtəlif yollarla ayrı-ayrı vaxtlarda qadağa tətbiqi yerli istixana fəaliyyəti ilə məşğul olan sahibkarların işinə də təsirsiz ötüşməyib. Bu baxımdan qazdan istifadə edən böyük qeyri-əhali qrupu kimi istixanaların ödənişlərində çətinliklər yaşamasını “Azəriqaz” İstehsalat Birliyi də anlayışla qəbul edir».
Bunu nəzərə alan şirkət qaz pulu borcunun bir hissəsini qarşıdakı aylarda hissə hissə alacağını elan edib: «Ölkədə sahibkarlığın inkişafına Birliyimiz də həssaslıqla yanaşır və buna görə də istixana sahibləri üçün növbəti dəfə ödənişlərini icra etməkdə güzəştli variantın tətbiqinə təşəbbüs göstəririk. Belə ki, istixanalar mövcud borclarının 50 %-ni ödəməklə, qalan hissəsini mart ayından etibarən ödəməyə başlaya bilər».
«Azəriqaz» bilirib ki, şirkət ötən il pandemiya dövründə yaranmış borcun hissə-hissə ödənilməsi üçün də belə bir addım atmışdı. «Belə ki, borclu istixana sahibləri ilə debitor borcun ödənilməsi haqqında “Razılaşma protokolu” tərtib olunaraq, cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə mümkün şərait yaradılmışdı».
Hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində 227, Şəmkir Regional qaz istismarı İdarəsinin xidməti ərazisində 210, Salyan Regional qaz istismarı İdarəsinin xidməti ərazisində isə 254 istixana sahibkarlıq subyekti fəaliyyət göstərir.