Şamaxı Üzüm Tingçilik Mərkəzində (ŞÜTM) istehsal olunan tinglər xarici ölkələrə ixrac olunacaq.
FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynalov KİV nümayəndələrinin Şamaxı rayonuna təşkil edilmiş səfəri zamanı bildirib.
Mərkəzin mövcud iş prinsipi və gələcək planları ilə bağlı məlumat verən R.Zeynalov bildirib ki, ŞÜTM-ün illik istehsal gücü 1 milyon ədəd tingdir və burada 4-ü yerli olmaqla 15-ə yaxın süfrə üzüm sortlarının tingləri istehsal olunacaq: ”2 hektara yaxın sahədə salınan Mərkəz üzüm tinglərinə olan daxili tələbatı ödəməklə yanaşı qonşu və digər ölkələrə ixracı planlaşdırılır. Ümumiyyətlə Mərkəzin məqsədi ölkədə üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə uyğunlaşıdrmaq və davamlı calaq-üzüm əkin materialı ilə təmin etməkdir” - deyə, R.Zelnalov qeyd edib.
Daha sonra KİV nümayəndələrinə Mərkəzin əməkdaşı tərəfindən üzüm tinglərinin calaq edilməsi prosesi nümayiş etdirilib.