Cəlilabad iri kənd təsərrüfatı rayonudur. Xüsusən bu bölgənin taxılı Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Hələ sovetlər zamanında taxılçılıqda qazandığı nailiyyətlərə və istehsalın həcminə görə Cəlilabadı “Azərbaycanın Ukraynası” adlandırırdılar.
Eləcə də bax: 1 hektar taxıl sahəsini yanğından qorumaq neçəyədir? – SIĞORTA HAQLARI, MƏBLƏĞLƏR
FED.az bildirir ki, əfsuslar olsun ki, rayonda bu il taxılçılıq üzrə əldə olunan nəticələr ürəkaçan deyil. Rəqəmlərdən başlayaq: keçən ilin payızı rayonda 66 min 570 hektar sahəyə taxıl əkilmişdir ki, bunun da 56 min 500 hektarı buğda, 5 min 200 hektarı arpa və 4 min 870 hektarı vələmirdir. Artıq taxıl biçini başa çatmışdır. Hər hektardan 24,9 sentner buğda, 21,9 sentner arpa, 17 sentner vələmir götürülmüşdür. Kənd təsərrüfatından az-çox başı çıxan hər kəs bu rəqəmlərin Cəlilabad üçün aşağı göstəricilər olduğunu deyir. Müqayisə üçün bildirək ki, torpağının münbitliyinə görə Cəlilabaddan aşağı olan Biləsuvar rayonunda cari mövsüm hər hektardan 28,2 sentner buğda, 26,3 sentner arpa biçilmişdir.
Elə Cəlilabadın özündə keçən il bu sahələr üzrə rəqəmlər müvafiq olaraq 28, 22 və 18 sentner olmuşdur.
Cəlilabad taxılçıları da heç vaxt belə halla rastlaştmadıqlarını söyləyirlər. Ələkbər Abbasov rayonun Günəşli kəndində yaşayır. Ağlı kəsəndən taxıl əkib-becərir.
Yetişdirdiyi məhsulun bir hissəsini ailəsi üçün ruzi götürür, qalanını isə satıb dərdinə-sərinə xərcləyir. Amma heç vaxt belə bir vəziyyətlə qarşılaşmadığını söyləyir.
Bəs, bunun səbəbi nədir?
Ə.Abbasov deyir ki, “Moran Aqro” MMC-dən kiloqramı 80 qəpiyə aldığı toxum, demək olar ki, çıxış verməyib. Payız, qış dolanıb, yaz gəlib, yay olub, lakin tarlada nə taxıl cücərib, nə də məhsul yetişib! Biçin zamanı əkdiyi taxıl sahəsində məhsul olmadığını görən Ə.Abbasov texnikanı işə salaraq oradakı otu mal-qara üçün qaba yem kütləsi kimi tədarük edib.
Günəşli kəndinin digər sakini - mülkiyyətçi Ağasahib Ağayev də aldığı toxumun keyfiyyətindən narazıdır. Bildirir ki, hər il əkdiyi sahədən 6-7 ton buğda götürdüyü halda, bu mövsüm vur-tut 1,5 ton məhsul hasilə gətirə bilmişdir. Ağasahib də məhsulun az olmasını toxumla əlaqələndirir: “Vallah, mən kəndçi babayam, eşitdim ki, hansısa şirkətin bazarın yanındakı dükanında buğda toxumu satırlar. Bir çoxları kimi, mən də fermer kartımda olan vəsaitlə gedib o toxumdan aldım. Axırı da belə oldu”.
Yeri gəlmişkən qeyd edək ki, Cəlilabad rayonunda buğda toxumu yetişdirən 7 təsərrüfat var. Salyan Regional Mərkəzi Toxum Analizləri şöbəsinin aqronomu Şakir Babayev məsələyə münasibətini bildirərkən demişdir ki, onlar şirkətlərin xətti ilə gətirilən toxumların keyfiyyətinə cavabdeh deyillər: “Cavabdeh olduğumuz və təsərrüfatlarımızın istehsal edib fermerlərə satdıqları məhsulun keyfiyyətindən isə narazı olan yoxdur”.
Taxılçılığın inkişafı məqsədilə ölkədə lazım olan bütün tədbirlər görülmüşdür. O cümlədən, torpaq mülkiyyətçilərinə, fermerlərə subsidiyaların, güzəştli qaydada gübrələrin, herbisidlərin və digər dərmanların, lazımi preparatların verilməsi haqqında qərarlar qəbul edilmişdir. ("Azərbaycan")
Bununla yanaşı qeyd edək ki, son illər kənd təsərrüfatın sektorunda aparılan islahatlar nəticəsində kənd təsərrüfatı texnikası, cins heyvanlar və gübrə bazarı kimi, toxum bazarı da liberallaşdırılıb, fermerlər üçün seçimlər artıb. Yəni fermerlər onlara ayrılan subsidiyalar vasitəsilə toxumu istənilən istehsalçıdan ala bilərlər.