Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni əməkdaşlıq sazişi imzalayıb.
AMFA-dan FED.az-a verilən məlumata görə, bu saziş çərçivəsində AMFA üzvü bank olmayan kredit təşkilatları kənd təsərrüfatının kreditləşdirilməsi istiqamətində imkanlarını artıracaq.
Xüsusilə də AMFA üzvləri IFC-nin CLARA - Pul vəsaitlərinin axınına əsaslanan aqrar riskləri qiymətləndirmə alətindən istifadə edə biləcəklər ki, bu alət risklərin qiymətləndirilməsi və kreditləşdirmə prosesini avtomatlaşdırmaqla, fermerlərin maliyyəyə daha rahat çıxışını təmin edir.
CLARA - banklar, bank olmayan kredit təşkilatları və fermerləri kreditlə təmin edən digər kənd təsərrüfatı dəyər zənciri iştirakçıları üçün nəzərdə tutulmuş internet üzərindən işləyən proqram təminatıdır. CLARA istifadəçiyə kənd təsərrüfatı üzrə likvidliyin proqnozlaşdırılması, bençmarkinq, çevik fərziyyələrin formalaşdırılması və maliyyə təhlili üçün alətlər dəsti kimi bir sıra seçimlər təqdim etməklə, kənd təsərrüfatı kreditləri üzrə risk qiymətləndirməsini asanlaşdırır, keyfiyyətini artırır və sürətləndirir. Alət IFC tərəfindən hazırlanmışdır və onun mülkiyyətidir. Azərbaycanda həyata keçirilən işlər IFC-nin İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birgə icra etdiyi “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi” Layihəsinin nəticəsidir.
Bu alətdən istifadə imkanı yaratmaqla yanaşı, IFC CLARA-ya qoşulan BOKT-lər üçün onların müvafiq ehtiyaclarını nəzərə almaqla, alətdən necə ən yaxşı şəkildə istifadə etməyi öyrədən seminarlar təşkil edir. AMFA-nın törəmə şirkəti olan “Finance and Social Innovation Consulting” MMC BOKT-lərə müvafiq texniki dəstəyi təmin edir. Azərbaycanda mikromaliyyə təşkilatlarının kənd təsərrüfatının kreditləşdirilməsi sahəsində daha dərin biliklərə ehtiyacının olduğunu nəzərə alaraq, CLARA mikro və kiçik aqrobizneslərin maliyyəyə çıxışını təkmilləşdirməyə kömək edəcəkdir.
Hazırda CLARA bostan məhsulları, tərəvəzlər, giləmeyvələr, dənli bitkilər də daxil olmaqla 50-yə yaxın bitki növünə və heyvandarlığa tətbiq edilə bilir. Alət yerli bazara uyğunlaşdırılmaqla, Azərbaycanda bütün kənd təsərrüfatı sektoru üzrə kənd təsərrüfatı ilə məşğul olan müştərilərin kredit riskinin çevik, standartlaşdırılmış və sürətli şəkildə qiymətləndirilməsini təmin edir.
Artıq kənd təsərrüfatının kreditləşdirilməsinə diqqət ayıran aparıcı BOKT-lərdən “Aqrarkredit” QSC, “İnkişaf üçün Maliyyə” MMC, “Viator Mikrokredit Azərbaycan” MMC, “Qafqaz Kredit” MMC CLARA-dan faydalanmağa başlamışlar.