Azərbaycanın aqrar məhsullarının ixracında fındıqçılıq ən gəlirli sahələrdən biridir. Fındıqçılıq aqrar məhsulların istehsalında mühüm yerə sahibdir. Lakin hazırda fındıqçılığın istehsalında, ixracında bir sıra problemlər var.
Eləcə də bax: 1 hektar fındıq bağını sığortalamaq neçəyədir? – HESABLAMA, MƏBLƏĞ
FED.az biznes portalı bu sahədə gözlənilən yeniliklər, hazırda mövcud olan problemlərin həlli ilə bağlı Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucovun müsahibəsini təqdim edir.
Fındıq istehsalı 2020-ci ilin mövsümü ilə müqayisədə 55,6 % artacağı gözlənilir
O, ötən il Azərbaycanda fındıqçılıqda məhsuldarlığın az olduğunu deyib: “Buna səbəb 2020-ci ilin aprelində havaların çox soyuq keçməsidir. Lakin bu il qış və yaz aylarında normal hava şəraiti müşahidə edilib. Bu isə məhsuldarlığa müsbət təsir göstərib. Bu ilki mövsümdə 70 min ton məhsul istehsalı gözlənilir. 2020-ci ildə 45 min ton fındıq istehsal edilmişdi”.
Yerli bazardakı çətinliklər
İ.Orucov deyib ki, hazırda fındıqçılıqda bir sıra çətinliklər müşahidə edilir: “Respublika ərazisində 60 mindən çox ailə təsərrüfatı mövcuddur. Çətinliklər fermerlərin maarifləndirilməsinin aşağı səviyyədə olması, mövcud qanunların tətbiqi zamanı fermerlərlə istehsalçılar arasında anlaşılmazlıqların olmasıdır. Bununla yanaşı, ölkə ərazisində möhtəkirlərin, spekulyatorların çox olması fındığın satış qiymət sisteminə təsir edir. Azərbaycan məhsuluna daha yüksək qiymət formalaşdığı üçün bizə rəqib Gürcüstan və Türkiyə ixracatçılarından fərqli olaraq bizim bazarın itirilməsidir. Hazırda ölkə ərazisində 1 kq ləpənin satış qiyməti 6,6 ABŞ dolları civarında olub. Türkiyədə isə bu məhsul 5,80 ABŞ dolları təşkil edir”.
Azərbaycan fındıq ixracında bir sıra problemlərlə üzləşir
O deyib ki, dünyada illik bir milyondan çox qabıqlı fındıq istehsal edilir: “Bunun 70-75 %-ini Türkiyə, 10-15 %-ni İtaliya, 5 %-ini Azərbaycan, 3-4 %-ini Gürcüstan istehsal edir. Rəqiblərimizin dünya bazarlarında fındığın satış qiymətinin daha ucuz qiymətə təklif etməsi bizə ixrac zamanı çox böyük çətinliklərə səbəb olur. Əsas ixrac bazarımız olan ölkələr Rusiya, İtaliya, Almaniyadır. Azərbaycandan fərqli olaraq Gürcüstan fındığına Avropaya ixracında gömrük vergisi tətbiq edilmir. Bizim məhsulumuza vergi tətbiqi Avropaya ixracda ən böyük çətinliklərdən biridir”.
İ.Orucov Azərbaycan fındığının ərəb ölkələrinə ixrac məsələsinə toxunub: “Dünya fındıq ticarətinin 80 %-i Avropanın payına düşür, bu məhsul Avropada müəssisələr tərəfindən alınır və daha çox şokalad hazırlanmasında istifadə edilir. Ona görə ixracımızda əsas prioritet bazar Avropadır. Əfsus ki, ərəb ölkələrində fındığa təlabat olmadığı üçün satış zəifdir. Bu bazarda fındıq ixracında artım gözlənilmir”.
Xatırladaq ki, 2020-ci ildə ixrac edilən əsas qeyr-neft məhsullarının siyahısında fındıq ləpəsi ilk dördlükdə qərarlaşıb və 116 milyon ABŞ dolları dəyərində fındıq ləpəsi ixrac edilib. Bu ilin I rübündə Azərbaycanın ixracının dəyəri 4,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 501,5 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin birinci rübündə fındıq ixracı 29 mln ABŞ dolları olub. (Report)