Azərbaycanın ən böyük pambıq istehsalçısı olan «Prime Cotton»un rəhbərliyindən dəyişiklik var.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Prime Cotton”un Baş icraçı direktoru Rövşən Mahmudov işdən azad edilib.
Xatırladaq ki, R.Mahmudov bu vəzifədə 2 ildən az müddətdə çalışıb. Rövşən Mahmudov "Prime Cotton" MMC-nin (əvvəlki MKT İstehsalat Kommersiya) Baş İcraçı Direktoru (CEO) vəzifəsinə 2024-cü ilin iyun ayından etibarən təyin edilmişdi. Bu dövrə ərzində əvvəllər MKT Cotton adlanan şirkət «Paşa Holdinq»lə birgə müəssisəyə çevrilərək «Prime Cotton» adı ilə fəaliyyət göstərməyə başlayıb.
Qeydd edək ki, Rövşən Mahmudov bu vəzifədə əvvəllər 6 il çalışmış Rövşən Həsənovu əvəz edib.
Hazırda «Prime Cotton»a hələlik rəhbər təyin edilməyib, baş direktor vəzifəsini şirkətin satış direktoru Tarıl Əlizadə icra edir.
Xatırladaq ki, «Prime Cotton» Azərbaycanın ən böyük pambıqçılıq şirkətidir. Şirkət ölkənin 10-dan artıq bölgəsində, 40 min hektardan artıq sahədə pambıq becərilməsi və emalı ilə məşğuldur. Şirkətin 3 mindən artıq əməkdaşı var və o 7 mindən artıq fermerlə əməkdaşlıq edir.













