Təkcə ötən ilin dekabr ayından bu günədək Qazaxıstana 800 ton pomidor ixrac olunub ki, bu da 2019-cu ilin ümumi göstəricisinin təxminən 60%-ni təşkil edir.
FED.az-ın məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) 2020-ci il üzrə fəaliyyəti, bu il görüləcək işlər və keçirilməsi nəzərdə tutulan sərgilər, ixrac missiyaları barədə onlayn mətbuat konfransında çıxış edən Fondun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycandan Qazaxıstana 1 363 ton pomidor ixrac olunub: “Yəni Rusiyaya getməyən məhsullar başqa bazarlarda realizə olunub. Biz yaranan şəraitdə diversifikasiyanı nəzərə alaraq ixracatçılarımızı Avropa və Qazaxıstan bazarına yönəltdik. Narahatçılıq ondan ibarətdir ki, bizim ixracatçılar məhz Rusiya bazarına fokuslanıb. Hazırda söhbət artıq diversifikasiyadan gedir. Bizim böyük ixracatçılarımız, “Globalgap” sertifikatları olan ixracatçılar dərhal özləri və bizim vasitəmizlə Avropa və digər bazarlarda idxalçılar tapıb, öz məhsullarını satıblar. Təbii ki, bu, Rusiyaya ixracın həcmi ilə müqayisə oluna bilməz”