2023-cü ildə Azərbaycanda təbii fəlakətlər və digər hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlər üzrə təqribən 6 milyon manat sığorta ödənişi ediləcək.
Azərbaycanda vəhşi heyvanların hücumundan dəyən zərərlər üzrə fermerlərə - ÖDƏNİŞLƏR BAŞLANILIB
FED.az xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov Qusar rayonunda jurnalistlərə açıqlamasında bildirib.
Fond sədri bildirib ki, artıq təbii fəlakətlər nəticəsində fermerlərə dəyən zərərlərin ödənilməsinə başlanılıb: «Təqribi hesabamalara görə, bu il əkin sahələri üzrə aqrar sığrta ödənişləri 6 milyon manata çatacaq».
Azərbaycanda payızlıq əkin sahələrinin bəyanı prosesinin başlandığını xatırladan Fond sədri fermerləri əkin sahələrini vaxtında sığortalamağa çağırıb: «Fermerlər əkinlərini vaxtında bəyan edərək sahələrini sığorta etsinlər ki, hadisə baş verəndə dövlətdən təzminat ala bilsinlər».
F.Sadıqovun sözlərinə görə, artıq ölkədə bu il əkin sahələrinə dəyən zərərlərlə bağlı ödənişlər başlayıb və bu məbləğin 6 milyon manata çatması gözlənilir:
«Ölkədə tətbiq edilən yeni sistem olmasına baxmayaraq, bu il ərzində təsdiq edilmiş zərər ödənişlərinin həcmi artıq 6 milyon manata yaxınlaşıb, bu kifayət qədər böyük rəqəmdir».
Fond rəhbəri bildirib ki, ildən ilə sığortalanan ərazilərin həcmi artdıqca fermerlərin aldığı zərər ödənişlərinin məbləği də böyüyür: «Təbiət hadisələrinin sayı da artır və bu hadisələrdən qorunmaq üçün fermerlərə dövlət dəstəyi ilə sığorta xidmətləri göstəririk».
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqindən qısa müddət keçməsinə baxmayaraq zərər çəkən fermerlərə sığorta ödənişləri hər il artmaqdadır.
Belə ki, 2021-ci ildə fermerlərə 1,7 milyon manat, 2022-ci ildə isə 2,3 milyon manat sığorta ödənişi edildiyi halda, 2023-cü ildə bu göstəricinin 2 dəfədən də çox artması gözlənilir.