Azərbaycanda 12 yeni pambıq növü yetişdirilməsinə başlanılıb.
FED.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Tərtər Regional Aqrar Elm İnnovasiya Mərkəzinin direktoru Məhərrəm Əliyev deyib.
Onun sözlərinə görə, artıq həmin pambıq sortları mərkəz tərəfindən hibridləşdirilib və təcrübə üçün 2 hektar ərazidə əkilib:
"Yeni sortların 4-ü Azərbaycan, 4-ü Türkiyə, 2-si Amerika, 2-si isə yunan sortlarıdır. Bu sortlar aqrotexniki qaydada hibridləşdirilərək əkilib. Amerika və yunan sortları yunan qaydaları ilə becərilir. Bunun üçün Yunanıstandan nümayəndə heyəti Azərbaycana dəvət edilib, onların köməkliyi ilə pambıq sortları əkilib və qulluq olunub. Yaxın günlərdə yunan nümayəndə heyəti növbəti dəfə bu məqsədlə Azərbaycana gələcək, pambıq sortunun becərilmə və məhsuldarlıq səviyyəsinə baxış keçirəcək".
M.Əliyev bildirib ki, yeni yetişdirilən pambıq növləri - "Gəncə - 110", "Gəncə - 160", "Gəncə - 114", "Gəncə - 182" Azərbaycan, "BA - 440", "Flash", "Lima" və "Karizma" Türkiyə, "Christina", "Prime - 1004" Yunanıstan, "PRG 9811" və "PRG 9048" isə Amerika sortlarıdır.
Onun sözlərinə görə, yeni sortlar may ayından icrasına başlanan "Yerli və xarici pambıq sortlarının müqayisəli qiymətləndirilməsi" layihəsi çərçivəsində əkilməyə başlayıb. Layihənin icra müddəti 3 ildir: "Bu pambıq sortları yerli pambıqlardan fərqli olaraq suya davamlıdır və tez yetişir. "Yunan" sortuna xüsusi üsulla, yunan üsulu ilə qulluq edilir. Buna layihə çərçivəsində Azərbaycana gələn yunan nümayəndə heyəti də nəzarət edir, onlar pambıq yetişənədək 4 dəfə Azərbaycana gələcək, həmin sort pambıqların becərilməsinə nəzarət edəcək. Bir sözlə, səpin, becərmə, qönçələmə və tozlanma dövrlərinə yunanlar özləri nəzarət edirlər".
M.Əliyev əlavə edib ki, bu sort pambıqlar yığılandan sonra çiyidləri toplanaraq xüsusi qaydada saxlanılacaq və növbəti il üçün səpinə hazırlanacaq:
"Layihəyə görə, bu sortlar 3 il əkiləcək və məhsuldarlıq yoxlanılandan sonra uyğun olarsa, əkin sahələri artırılacaq. Bu sortların yerli sortlardan fərqi rənginin daha ağ olması, çiyidinin azlığı və suya davamlılığıdır".