Cəlilabadda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası açılıb
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu daha bir toxum mağazasını fermerlərə təqdim edib. “ToxumArt” əmtəə nişanı altında fəaliyyət göstərən mağaza Cəlilabadda açılıb. Açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, Cəlilabad rayon İcra Hakimiyətinin rəsmiləri, və digər qonaqlar iştirak ediblər.
Eləcə də bax: Dövlət Toxum Fondunun tabeliyində olan zavodlarda 3000 ton toxum - EMAL OLUNUB
Dövlət Toxum Fondunun sədri Emin Əliyev bildirib ki, Fond bu ilin noyabr ayından etibarən Respublika Süni Mayalandırma Mərkəzinin istehsal etdiyi yerli və xarici buğa toxumlarının da şəbəkə mağazalarında satış və xidmətini həyata keçirir: “Heyvandarlıqda geniş istifadə edilən süni mayalandırma üsulunun tətbiqi üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli ətlik və südlük buğa toxumlarının satışı “TOXUMART” mağazaları vasitəsilə daha əlçatandır. Süni mayalandırma üzrə mütəxəssislər burada toxumlarla yanaşı, süni mayalandırmada istifadə olunan digər zəruri ləvazimatları da əldə edə bilərlər”.
Qeyd edək ki, “Dövlət-Özəl Tərəfdaşlıq” prinsipi əsasında fəaliyyətə əsaslanaraq mağazada toxumçu fermerlərin və Dövlət Toxum Fondunun əməkdaşlıq etdiyi özəl şirkətlərin yetişdirdikləri toxumlar, yerli və xarici aqrotexniki qulluq vasitələri alıcılara təklif edilir.
Bununla yanaşı, mağazada fermerlərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış təlimatlar və aqrotexniki qulluğa dair məlumatlar, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istehsal etdiyi tərəvəz toxumları da təqdim ediləcək. Məqsəd ölkə fermerlərini mövcud bazar qiymətlərindən daha aşağı qiymətlə, sertifikatlı, müxtəlif çeşidli, yüksək keyfiyyətli və məhsuldar toxumla təmin etməkdir.
Mağazanın üstünlüklərindən biri odur ki, yerləşdiyi məkan kənd təsərrüfatının inkişaf etdiyi cənub regionunun mərkəzindədir. Beləliklə,mağazanın fəaliyyətə başlaması ilə fermerlərin toxum ehtiyacı və satış imkanları birbaşa tənzimlənəcək.