Azərbaycanda yeni qoyun cinsi pasportlaşdırılır. Lerik rayonunun “Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-də yetişdirilən “Pirəsora” qoyunları xalq seleksiyası nəticəsində çarpazlaşdırma yolu ilə yetişdirilib, yüksək yun, ət, yağ, balavermə qabiliyyətinə malikdir. Lerik zonasında geniş yayılmış bu qoyun sortu Pirəsora kəndinin şərəfinə “Pirəsora” qoyunu adlandırılıb.
FED.az xəbər verir ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Fizuli Mirzəyevin sözlərinə görə, Pirəsora qoyunları xalq seleksiyası yolu ilə yaradılıb və bu günə kimi öz varlığını saxlayıb. İnstitutun mütəxəssisləri Pirəsora qoyunlarının əlamətlərini götürmək və yaxın gələcəkdə bu qoyunların cins kimi təsdiq olunmasında lazımı materialların toplamaq məqsədilə Pirəsora yaylağında tədqiqat aparıblar. “Qoyunlar qədim zamanlardan Lerik rayonunda saxlanılıb və xalq tərəfindən yetişdirilib. Çarpazlaşdırma yolu ilə təsdiqlənəcək cinsin eksteryer göstəriciləri xeyli yüksəldilib. Cinsin təsdiq edilməsi üçün bir neçə meyar var. Əsas meyar isə qoyunların baş sayı, eksteryer göstəriciləri, eyni arealda yerləşməsidir. Bütün bu göstəricilərə görə Pirəsora qoyunları cins kimi təsdiq olunmağa layiqdir və yaxın vaxtlarda əldə olunmuş materiallar və elmi araşdırmalarin nəticələri cinsin təsdiq edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacaq”.
Hazırda “Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-də 8269 baş Pirəsora qoyunu yetişdirilir. Törədici qoçların diri çəkisi 60-75 kiloqram, ana qoyunların çəkisi 35-40 kiloqramdır. Toğluların çəkisi isə 30 kiloqrama çatır.