Aqrar Xidmətlər Agentliyi (AXA) keyfiyyətsiz, mənşəyi bilinməyən toxumların satışının və istifadəsinin qarşısını almaq üçün daha bir yenilik edib.
Eləcə də bax: Azərbaycanda ictimai ferma - YARADILACAQ
FED.az xəbər verir ki, AXA beynəlxalq standartlara uyğun vahid etiketləşdirmə və sertifikatlaşdırmaya başlayıb. Dünyanın qabaqcıl ölkələrində istifadə edilən Blokçeyn texnologiyasının Azərbaycanda da istifadəsinə başlanıb. Bu məqsədlə AXA tərəfindən keyfiyyətinə nəzarət olunan və yoxlanılan toxum partiyalarındakı hər bir kisə ayrılıqda kodlaşdırılaraq etiketlənib, daha sonra laboratoriya analizlərinin nəticələrinə əsasən sertifikatlaşdırılıb.
Nəticədə istənilən fermer, aldığı toxumun həqiqətən də keyfiyyətli və sertifikatlı olduğuna əmin olmaq üçün etiketdə olan QR kodunu öz smartfonuna oxutdurmaqla toxumun sertifikatlılığı haqqında ətraflı məlumat ala bilər. Fermerlər bu məlumatı “toxum.info.az” saytına daxil olub etiketdə olan nömrəni əlavə etməklə də əldə edə bilərlər.
Qeyd edək ki, «Toxumçuluq haqqında» Qanuna görə Azərbaycanda qablaşdırılmamış və etiketləşdirilməmiş, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı olmayan toxumların satışı qadağandır.