Yaxın vaxtlarda Aqrar Sığorta Fondu quşçuluq və arıçılıq təsərrüfatları ilə bağlı yeni sığorta məhsulları təqdim edəcək.
Azərbaycanda arıçılıq təsərrüfatları sığortalanacaq
FED.az xəbər verir ki, bunu Fondun nümayəndəsi Əli Əhmədov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib.
"Quşçuluq təsərrüfatlarının sığortalanması bir müddətdir ki, gündəmdədir və bu istiqamətdə "Azərbaycan Quşçuluq Assosiasiyası" İctimai Birliyi ilə bir neçə dəfə müzakirələr aparılıb, ümumi vəziyyət, mövcud risklər və statistik göstəricilər təhlil olunub. Sığorta mexanizminin hazırlanmasında beynəlxalq təcrübə nəzərə alınıb, xüsusilə də Türkiyə təcrübəsi öyrənilib. Fondun nümayəndələri bir neçə dəfə Türkiyədə səfərdə olub, aparılan təhlillər əsasında müvafiq layihə hazırlanaraq təqdim edilib və hazırda bu layihə müxtəlif dövlət qurumları ilə razılaşdırılır. Proses başa çatdıqdan sonra quşçuluq təsərrüfatlarının müxtəlif risklərdən sığortalanması mümkün olacaq. Eyni proses arıçılıq təsərrüfatlarının sığortalanması üzrə gedir. Bununla bağlı layihə hazırlanıb, müxtəlif dövlət qurumları ilə razılaşdırma mərhələsindədir", - deyə o qeyd edib. (Report)










