Bu gündən Azərbaycanda payızlıq əkin bəyanlarının qəbuluna başlanılıb.
Eləcə də bax: Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə - XƏBƏRDARLIQ ETDİ - BİR GÜN QALIB
Bu barədə FED.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, proses dekabrın 30-na qədər davam edəcək.
Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və yaxud Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, Xaçmaz və Yevlax KOB evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.
Fermerlər bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) əkilən və yaxud yerdə mövcud bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməlidir.
Əgər bəyan dövründə əkinin dəyişdirilməsi ehtimalı varsa, sadəcə bəyanı daxil edib “Müraciət et” düyməsinə sıxmadan fermerlər 30 dekabra qədər bəyanı dəyişdirə bilərlər. Bəyan edilən bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, fermerlər bəyanla eyni gündə “müraciət et” düyməsinə sıxmaqla müraciətini yekunlaşdıra bilər. 30 dekabra qədər onun müraciəti göndərilmədikdə fermerin subsidiyaya elektron ərizəsi formalaşmayacaq və ona subsidiya ödənilməyəcək.
Əkin subsidiyasına müraciət bitkinin bəyan edilməsi, torpaqdan istifadə hüququnun təsdiqlənməsi, müraciətin edilməsi ardıcıllığına uyğun aparılır. Fermerlər öz elektron kabinetləri vasitəsilə müraciətləri ilə bağlı proseslərin qeyd edilən ardıcıllığa uyğun aparılıb aparılmadığını izləyə bilər və problem müəyyən etdikdə DAİM-ə müraciət edə bilərlər.
Vaxtında edilməyən və yaxud yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər.