Bu ilin sentyabr-oktyabr aylarında Azərbaycanda "Xəzər-Nova" kombaynlarının eksperimental partiyasının yığılmasına başlanacaq.
Eləcə də bax: Bakıda Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir - FOTO
FED.az xəbər verir ki, bunu Rusiyanın "Rostselmaş" kombayn zavodunun Asiya və Qafqaz üzrə satış departamentinin direktoru Andrey Kolesnikov deyib.
Onun sözlərinə görə, "Azərmaş"ın nəzdində kombaynların yığılması barədə qərar 2018-ci ilin sonunda verilib.
"Yığım ötən ilin əvvəlində başlanmalı idi, lakin təəssüf ki, mart ayında Azərbaycanda pandemiya ilə əlaqədar bəzi məhdudiyyətlər tətbiq olundu. Biz tərəfdaşlarımızla işçiləri qorumaq və istehsalın təşkilini daha əlverişli vaxtadək təxirə salınmasına qərar verdik. İndi vəziyyət bir qədər sabitləşib və biz artıq Azərbaycana maşınların prototiplərini gətirmişik", - deyə A. Kolesnikov qeyd edib.
O əlavə edib ki, yaxın günlərdə lisenziya müqaviləsinə əsasən istehsal üçün nəzərdə tutulan detalların təsvirləri Azərbaycandakı tərəfdaşlarla müzakirə ediləcək: "Bu gün və sabah bu detallar barədə qərar verəcəyik, maşın dəstlərini hazırlayacağıq və sentyabr-oktyabr aylarında eksperimental seriya partiyasını yığmağa başlayacağımızı gözləyirəm. Azərbaycanda istehsal ediləcək detal və hissələrin sayını hər dəfə artıraraq addım-addım irəliləyəcəyik". (Apa)