Azərbaycanda 2025-ci il üzrə zəfəran istehsalı ilə bağlı statistik göstəricilər məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkə üzrə ümumilikdə 105,2 hektar sahədə zəfəran əkini aparılıb və nəticədə 767,4 kiloqram məhsul əldə edilib.
Statistikaya əsasən, zəfəran istehsalında ən yüksək məhsuldarlıq Lənkəran-Astara iqtisadi rayonunun payına düşür. Belə ki, Masallı rayonunda 34 hektar sahədən 610 kiloqram məhsul yığılıb ki, bu da ölkə üzrə ümumi istehsalın böyük hissəsini təşkil edir. Mərkəzi Aran iqtisadi rayonunda isə 18,2 hektar sahədən ümumilikdə 143,4 kiloqram zəfəran əldə olunub. Bu rayonun tərkibindəki Ağdaş rayonunda 17 hektar sahədən 128 kiloqram, Zərdab rayonunda isə 1,2 hektar sahədən 15,4 kiloqram məhsul götürülüb.
Ölkənin digər ərazilərində də zəfəran əkini aparılsa da, məhsul göstəriciləri daha aşağıdır. Xəzər rayonunda 20 hektar sahədən 8 kiloqram, Abşeron rayonunda isə 33 hektar sahədən 6 kiloqram zəfəran yığılıb.











